Məşhur Yapon markası olan “Casio”nun yaradıcısı Kazio Kashio vəfat edib. 89 yaşında sətəlcəmdən əziyyət çəkən Kashionun Tokio xəstəxanalarından birində müalicə aldığı bildirilir.
"Kommersant" xəbər verir ki, təxminən 10 il "Casio"nu idarə edən Kashio, dünyada saat və hesablayıcıların inkişafında inqilaba imza atıb. Xüsusən, "G-Shock" elektron saatları ilə tanınan "Casio", işə ilk dəfə hesablayıcıların istehsalı ilə başlayıb.
1972-ci ildə bazara "Casio Mini" hesablayıcıları ilə daxil olan və cihazın hər kəs tərəfindən günlük istifadəsinə nail ola bilən Kashio, sonradan zərif görünüşlü saatlar, xüsusən də, 100 milyondan çox satışı olan "G-Shock" modeli ilə adını tarixə yaza bilib. Bununla yanaşı, "Casio", rəqəmsal fotoaparatlarda ön izləmə monitorunu kəşf edən şirkət olaraq da tanınır.
Kashio-nun, 3 qardaşı ilə 1946-cı ildə qurduğu, kiçik cihazlar istehsal edən şirkət hazırda illik gəliri 3 milyard dollar olan saat, fotoaparat, musiqi alətləri istehsal edən nəhəng elektronika istehsalçısına çevrilib. 2015-ci ildən sonra şirkət idarəsini oğlu Kazuhiroya verən Kazuo Kashio ölümünə qədər idarə heyətinin sədri olaraq qalıb.