Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə Cumhuriyyətinin Mərkəzi Bankının (TCMB) rəhbərinin qəfil işdən çıxarandan sonra lirə 15-17 faiz ucuzlaşıb. Belə ki, son bir həftədə 1 dollar 7,21 lirədən 8,36 lirəyə yüksəlib. Yəni lirə dollar qarşısında dəyər itirdi. MB-ın uçot dərəcəsi 17%-dən 19%-ə yüksəlib.
Yeri düşmüşkən, BVF 192 ölkə arasında ən yüksək uçot dərəcələri tətbiq edən dövlətlərin sırasında Türkiyəni də qeyd edib: Venesuela 45,3 %, Argentina 38 % və Türkiyə 19 %.
İstənilən bir dövlətin milli valyutasının dəyər itirib və qazanması həmin hökumətlərə həm də güvən məsələsi sayılır. Son 1 il içində 3 dəfə Mərkəz Bankın rəhbərinin, 3 dəfə TUİK başqanın və 2 dəfə Maliyyə və Xəzinə nazirinin dəyişməsi nəticəsində dolların dalğalanması təbiidir və gözlənilən idi. Çünki TCMB-nın sabit olan monetar siyasəti yoxdur. Tez-tez dəyişdirilən Mərkəzi Bankın rəhbərləri investorların gözləntilərinə adekvat davranmırlar.
TCMB nə etmək istəyir?
Dünyada Mərkəzi Bankların əsas funskiyası milli valyutanın faiz dərəcəsini müəyyən etməkdir. MB-nın əsas 2 əsas funskiyası vardır: (ı) milli valyutanın faiz dərəcəsini müəyyən etmək və (ıı) pulun həcmi ilə bağlı verdiyi qərardır.
Türkiyədə MB tam müstəqil olmadığı halda texnokratik korpus tərəfindən yönəldilmir. MB 4-5 illik seçilmiş millət vəkillərindən asılı olarsa, MB-nın verdiyi qərarlar populist qərarlar olacaq. Onlar seçildikləri zaman kəsikləri üçün iqtisadi “havalandırmanı” daha çox təşviq etməyə maraq göstərməkləri təbiidir. Halbuki MB uzun müddətli monetar siyasət müəyyənləşdirməlidir. Uzun vədəli iqtisadi qərarlar üçün yaxın vədəli fədakarlıq edilməlidir. Struktur islahatları hökumətlər belə aparır. Bu baxımdan MB-ın siyasətini texnokratik idarəetməyə tabe olmalıdır. Siyasi qərarlara ayaq uydurmaq siyasəti MB-ın fəaliyyətini effektiv edə bilməz. Türkiyənin milli valyutasında sərt dalağalanmaların əsas səbəblərindən biri də onun populist və siyasi qərarlara daha özünü uyğunlaşdırmaq məcburiyyəti ilə bağlıdır. Görünür ki, Türkiyədə son il yarım ərzində 4 dəfə MB rəhbərinin dəyişməsi dayanıqlı monetar siyasətin aparılmasındakı fundamental çatışmazlıqları meydana qoyur.
Hər dəfə yeni MB-nın yürütdüyü siyasət zamanı isə vətəndaşlarda inflyasiya gözləntiləri artır. Bu zaman isə insanlara malların qiymətlərinin artma siqnalını hiss edən zaman həmin mallardan daha çox satınalmaq həvəsi artar. Və nəticədə məcmu tələb yüksələr.
Ərdoğanın uzun illərdir ki, dediyi “inflyasiyanı yaradan faizdir” fikri indi heç bir iqtisadi məntiqə və reallıqlara dözə bilmir. İqtisadiyyatların əsas problemi yüksək faiz dərəcəsi deyil, yüksək inflyasiya həddidir. Halbuki yüksək faiz inflyasiyanın bir nəticəsi kimi meydana çıxır. Türkiyə gör neçə ildir bu eksperiment “dovşanının” nəticələrinə vaxt sərf edir, zaman itirir…
Türkiyənin indiki lirə çalxanmaları yalnız monetar siyasətə bağlamaq doğru olmaz. Səbəbi odur ki, milli valyutanın zəif vəziyyətə düşməsi Türkiyə iqtisadiyyatının indiyə qədərki yürütdüyü iqtisadi xətalarla bağlıdır. TCMB yüksək faizləlrələ bağlı qərarlar vermiş, lirə dollar qarşısında daha çox dəyər itirmiş, növbəti dəfə yenidən faiz dərəcəsini yüksəltmiş bir az da lirə dəyərsizləşmiş və xaricdən dollar almağa məcbur olmuşlar. Beləliklə Türkiyə həm bununla lirəni sabitləşdirmək istəmiş, digər tərəfdən isə xarici borclanmanı artırmışdır. Halbuki faiz dəcələrinin artımı dövlətlərə müəyyən iqtisadi tənəffüz fürsəti qazandırmaq məqsədilə edilir. Faiz artımı özlüyündə iqtisadiyyatı gücləndirmir, müvəqqəti sabitləşdirir. İqtisadiyyatın strukturunda baş vermiş mənfi meyllərin yaxşı istiqamətə yön alması üçün müəyyən şanslar tanıyır. Əgər siz dövlət olaraq bundan düzgün istifadə edərsizsə, o zaman bu faiz artımları sizin iqtisadiyyatda yaratdığınız fürsəti imkana çevrə bilər. Məsələn milli istehsal üçün lazım olan idxal mallarını, o cümlədən aralıq məhsullarının azaldılması üçün iqtisadi siyasət həyata keçirməlisən. Ölkəyə dollar daxilolma kanalının diapazonunu genişləndirməlisən. İdxal hesabına xaricə qaçan dollar yollarını daraltmalısan. Bu zaman sabitləşdirici faktor olan faiz koridoru iqtisadiyyatına yaxşı təsir göstərəcək. Yox, əgər sən faiz artımını sadəcə arxayınçılıqla müşahidə edən dövlət adına taşamaçı olacaqsansa, o zaman bu gedişlə “faiz inflyasiyanı doğracaq” fikri hakim olacaq.
Türkiyədə pul-kredit siyasətində əsasə məsələ lirəyə inamın azlığıdır. Eyni zamanda ölkə iqtisadiyyatının dollar əldə etmək kanalının geniş olmaması ilə bağlıdır. Bir tərəfdən dollar əldə edə bilmirsən, digər tərəfdənsə dollarla borclanırsan. Bu zaman iqtisadiyyatda dollarlaşma sürəti yavaşıyır. Artıq Türkiyənin borcları 463 mlrd. dolları ötüb. Dövlət borclarının (daxili + xarici) son 1 ilini müqayisə etsək, artımın necə baş verdiyini müəyyənləşdirmək olar. Əgər 2020 fevral ayında dövlət borcları 1 trilyon 410 milyard TL idisə, 2021 fevral ayında bu rəqəm 1 trilyon 860 milyard TL səviyyəsinə yüksəlib. Son 1 ildə borc artımı 32% və ya 450 milyard TL olmuşdur. Bu olduqca sürətli borclanma nisbətini ifadə edir.
Türkiyədə TL-nin zəifləməsində valyuta rezervlərinin də məhdud olması durur. Türkiyənin valyuta ehtiyatları 95,4 mlrd. dollardır. Bunun 85%-i kommersiya banklarının MB-da ehtiyatlarıdır. Bu isə ümumiyyətlə valyuta ehtiyatları sayılmır. Çünki bunlar öhdəliklərdir. TCMB-nın məcburi ehtiyat normalarıdır. Türkiyənin xarici valyutasının həcmi 15 milyard dolları ötmür. Bu o deməkdir ki, simvolik həddə olan bu valyuta ehtiyatları illik ÜDM-nin (2020, 717 mlrd. dollarlıq) olduqca kiçik bir hissəsin təşkil edir.
Türkiyənin tədiyyə balansında da ciddi problemlər yaranıb. Ölkəyə daxil olan vəsaitlə ölkədən çıxan vəsait Türkiyənin xeyrinə deyil. “Cari açıq” dedikləri bu defisit illik olaraq son illər 30-70 mlrd. dollar arasında dəyişir. Xüsusilə Türkiyənin enerji komponentlərinin xaricdən asıllığı, o cümlədən neft-qaz məhsullarının idxalı ölkədən kənara 10 milyardlarla valyutanın axınına səbəb olur. Bu da lirə üçün riskyaradıcı faktor sayılmalıdır.
Doğrudur, bundan sonra lirənin daha da dəyər itirməsinə çox inanmıram. Amma ümumilikdə lirənin gücü TCMB-nın siyasətinə bağlı deyildir, iqtisadiyyatın strukturuna bağlıdır. Başqa sözlə, yeni MB-nın işi asan deyil. Valyuta bazarında yanğınsöndürmə əməliyyatı həyata keçirməlidir.
Türkiyənin həm daxilində, həm də xaricində Ərdoğan iqtidarına qarşı güvən çox sarsılıb. Bu iqtidarın etdiklərinin miqyasından və komanda gücündən asılı olmayaraq bazar iştirakçılarına sivil oyun qaydalarını inandırmaq doğrudan da çətin bir işə çevrilib. İqtisadiyyatın ümumiləşmiş obrazının təzahürləri valyuta bazarında, valyuta bazarındakı sərt dalğalanmaların da əsası isə siyasi iqtidardadır. Güvən sarsılanda, bu həm siyasətin, həm də iqtisadiyyatın nəticələri kimi ortaya çıxır.