Cari ilin fevral ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 11,5 faiz artıb.
"Kommersant.az"ın Mərkəzi Bankın yaydığı son hesabatına istinadən verdiyi xəbərə görə, cari dövrdə bu gəlirlər 4 milyard 29 milyon manatdan çox təşkil edib.
Ötən ilin fevral ayında isə büdcə gəlirləri 3 milyard 613 milyon manat olub. Aparılan hesablardan belə aydın olur ki, bir il ərzində cəmi 416 milyon 200 min manat artım baş verib.
Cari ildə dövlət gəlirlərinin 33,5 faizi Ümumi Daxili Məhsul (ÜDM) hesabına əldə edilib. Ötən ilin müvafiq dövründə isə bu pay 28,7 faiz olub. Yəni, bir il ərzində bu sahədə 4,8 faiz artım müşahidə olunub.
Fevral ayı ərzində dövlət büdcəsinin xərcləri 3 milyard 469 milyon manat olub. Bu da onu göstərir ki, əldə edilən gəlirlərlə müqayisədə dövlət xərcləri azdır. Çəkilən xərclərdə ÜDM-nin payı 28,9 faiz təşkil edir.
Ötən ilin müvafiq dövründə isə büdcə xərcləri 3 milyard 330 milyon manatdan bir qədər çox olub. Hesablamalar göstərir ki, bir il ərzində büdcə xərclərində 139 milyon 600 min manatdan artıq və ya 4,2 faiz artım olub.
Qeyd edək ki, hazırda dövlət büdcəsinin kəsirləri 559 milyon 600 min manatdır.