"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, 2021-2023-cü illərdə SOCAR-ın ümumi kapital qoyuluşları 9 mlrd. manat təşkil edəcək.
Şirkətin "upstream" seqmentində hasilatının həcminin sabit səviyyədə qalacağı gözlənilir. "Fitch"ə görə neft şirkətinin gəlirliliyi 2019-cu ildə neftin qiymətinin 20 dollar səviyyəsində olanda, sağlam sayılırdı və hazırda SOCAR üçün kəşfiyyat və hasilat seqmenti ("upstream segment") şirkətin mənfəətinin əsas drayveridir.
Agentlik qeyd edir ki, 2020-ci ilin birinci yarısında SOCAR-ın nəticələri agentliyin gözləntilərindən daha yaxşı olub. Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə SOCAR-ın EBITDA-sı (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 2019-cu il ilə müqayisədə orta səviyyədə azalacaq və 2021-ci ildə neftin qiymətinin daha yüksək olması və cari ilin yanvar ayından yanacağın qiymətinin bahalaşması fonunda bərpa olunacaq.
"31 dekabr 2020-ci il tarixinə olan vəziyyətə görə, vəsait qalıqları və mənimsənməmiş kredit xətləri daxil olmaqla SOCAR-ın likvidliyi təxminən 8 mlrd. manata yaxın olub", - agentliyin məlumatında deyilir.
Qeyd edək ki, "Fitch"in proqnozuna görə, "Brent" markalı neftin bir barelinin qiyməti 2021-ci ildə 58 dollar, 2022-ci ildə isə 53 dollar təşkil edəcək. Əlavə olaraq agentlik manatın ABŞ dollarına qarşı məzənnəsinin 2023-cü ilədək 1,7 manat səviyyəsində qalacağını güman edir.