Mayda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
"Kommersant.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edib ki, əvvəlki illərdə Maliyyə Nazirliyi tərəfindən “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hesabatın və eləcə də digər sənədlərin Hesablama Palatasına, eləcə də parlamentə təqdimatı həyata keçirilir:
“Bu baxımdan gələn ay ərzində büdcənin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Büdcə sistemi haqqında” Qanunun 20-ci maddəsinə əsasən, dövlət büdcəsinin icrası haqqında hesabatın verilməsi nəzərdə tutulur.
Həmin maddəyə əsasən, hər il aprelin 25-dək dövlət büdcəsinin icrasına dair illik hesabat, o cümlədən büdcə qaydasına uyğun hesablanmış icmal büdcələrin xərclərinə dair proqnoz və icraya dair göstəricilərlə bağlı qanun layihəsi Hesablama Palatasına təqdim olunur.
Bu baxımdan yaxın günlərdə büdcənin icrasına dair hesabat Hesablama Palatasına təqdim olunacaq. Daha sonra isə “Büdcə sistemi haqqında” Qanuna əsasən dövlət büdcəsinin icrası barədə illik hesabat, o cümlədən qanun layihəsi may ayından gec olmayaraq, Milli Məclisə təqdim olunmalıdır. Hesabatda qeyd olunan sənədlərlə yanaşı, dövlət borcları, o cümlədən, il ərzində götürülən dövlət borcları, buraxılmış qiymətli kağızlar və dövlət zəmanətilə verilən vəsaitlər və digər göstəricilər də təqdim olunan hesabatda əks edilir”.
Parlamentari ümumilikdə 2020-ci ilin büdcəsinin icrasına dair xərcləmələri pozitiv qiymətləndirib:
“Hələlik büdcənin icrası ilə bağlı hesabat təqdim olunmadığından, rəy vermək mümkün deyil. 2020-ci ildə pandemiyanın təsirlərinə bamayaraq, Azərbaycan praktik olaraq, azsaylı ölkələrdən oldu ki, heç bir sosial proqramı ixtisar etmədi. Bu kontekstdən, o cümlədən sosial öhdəliklərin yerinə yetirilməsi baxımından, 2020-ci ildə xərcləmələri pozitiv qiymətləndirmək olar. Amma bütövlükdə hesabat təqdim olunduqdan sonra detallarla bağlı rəylərimizi bölüşməkimkanına malik olacağıq”.