USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şabalıd bağlarında xəstəlik

27.06.2018 İqtisadiyyat
0 0
Şəki-Zaqatala bölgəsində şabalıd bağlarında xəstəlik yayılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, xəstəliyə qarşı dünya miqyasında tam səmərəli mübarizə tədbiri olmadığı üçün təsərrüfat sahiblərinə aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə olunub.

Ağacın gövdəsində xəstəliyin əlamətləri müşahidə olunursa, mexaniki üsullardan istifadə etməklə, xəstəliyə yoluxaraq qurumuş və çürümüş hissələr təmizlənməli, xəstəliyə 30-60% yoluxmuş ağacların budaqları zədələrdən 25 sm aşağı olmaqla kəsilməli və yandırılmalı, 60 %-dən çox yoluxmuş və tam qurumuş ağaclar isə kök boğazından yuxarı kəsilməli və kötüyün yerüstü hissəsi də daxil olmaqla yandırılmalıdır. Bu proses, xüsusilə, qış aylarında həyata keçirilməlidir ki, yazda xəstəlik digər ağaclara yayılmasın. Eyni zamanda, ağacın özünü yenidən bərpa etməsi üçün ona 15 gündən bir 3 dəfə karbendazim, benomil, epoksikonazol tərkibli fungisidlər çilənməli və ya gövdələrin inyeksiyası həyata keçirilməlidir.

Əkin materialı kimi şabalıdın xəstəliyə davamlı növ, forma və hibridlərindən (yapon şabalıdı, cırtdan şabalıd və s.) istifadə edilməsi vacibdir. Qeyd edək ki, ölkəyə idxal olunan sahib bitkinin əkin materialı karantin baxışdan keçirilməlidir. Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tövsiyə edir ki, ölkəyə idxal edilən şabalıd (Castenea spp.) və palıd (Quercus spp.) cinsinin oduncağı C. parasitica patogeni rast gəlinməyən və xəstəlik son vegetasiya dövründə müşahidə edilməyən ərazilərdən gətirilməlidir. Xəstəliyə qarşı mübarizədə hipovirulent ştamların istifadəsi xəstəliyi nəzarətdə saxlamaq üçün perspektivli hesab edilir.