Vergi və gömrük ödənişlərindən azadolunma hallarına nəzarət mexanizminin təşkili ilə bağlı icraçı dövlət qurumları müəyyənləşdirilib.
"Kommersant"ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamına əsasən icraçı dövlət qurumları qismində Dövlət Gömrük Komitəsi, Maliyyə, Vergilər və İqtisadiyyat Nazirlikləri çıxış edəcək.
İcraçı dövlət qurumları tərəfindən vergi və gömrük sahəsində qanunvericiliklə müəyyən edilmiş güzəştlərin büdcə gəlirlərinə və sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirinin qiymətləndirilməli, idxal-ixrac əməliyyatlarında, habelə ölkə daxilində vergi və gömrük rüsumlarından azadolunma halları barədə məlumatlara dair mərkəzləşdirilmiş reyestrin yaradılması və aidiyyəti qurumların həmin məlumatlara çıxışının təmin edilməlidir.
Bundan başqa, tədbirlər planına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən texnologiyalar parklarının, İqtisadiyyat Nazirliyi tərəfindən isə sənaye parklarının idarəedici təşkilatına, operatoruna və rezidentlərinə, habelə investisiya təşviqi sənədi almış şəxslərə idxal zamanı gömrük rüsumlarından və əlavə dəyər vergisindən azadolunma hüququndan istifadə məqsədilə verilmiş təsdiqedici sənədlərə dair məlumatların həmin sənədin verildiyi tarixdən 3 iş günü müddətində Dövlət Gömrük Komitəsinə, Vergilər Nazirliyinə və Maliyyə Nazirliyinə müvafiq məlumatlar təqdim edilməlidir. Bununla bağlı Nazirlər Kabineti “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiqləyəcək və aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər eidləcək.
Nəzərdə tutulan tədbirlər bu ilin dekabrın 1-dək icra olunmalıdır.