Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycana təsirləri son günlər daha çox müzakirə edilən məsələlərdəndir. Bütövlükdə, iqtisadi baxımdan sanksiyalar həmin ölkənin əməkdaşlıq etdiyi digər dövlətlərə təsirsiz ötüşmür.
"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Vüqar Bayramov bildirib.
Rusiya idxalda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Pandemiya səbəbindən bu dövriyyə 2020-ci ildə 2 milyard 671 milyon dollar olub. Həmin il Rusiyaya 710 milyon dollara yaxın məhsul göndərmişik. 2021-ci ildə isə ümumi ixracatımızın 4.1 faizi Rusiyanın payına düşüb. Qeyri-neft ixracatımızın isə 32.3 faizi şimal qonşumuzun payına düşür.
Göründüyü kimi, ümumi ixrac, yəni ölkəyə daxil olan valyutada Rusiyanın payı yüksək deyil və hətta 5 faizə belə çatmır. Amma turizm istisna olunmaqla neftdən kənar sektorlardan daxil olan valyutanın 1/3-i Rusiyadan daxil olur. Bu isə o deməkdir ki, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək, amma qeyri-neft sektoru üzrə daxilolmaları azalda bilər.
Sanksiyaların, xüsusən də SWIFT-dən uzaqlaşdırmanın Rusiya iqtisadiyyatını zəiflədəcəyi gözləniləndir. Artıq rublun rəsmi məzənnəsi ilə real, yəni bazar kursu arasında kəskin fərq yaranıb. Ukrayna ilə müharibənin davam etdikcə isə sanksiyaların dairəsi genişlənir və potensial mənfi iqtisadi təsirlər artır. Rublun zəifləməsi fonunda Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşəcəyi də gözləniləndir. Bu isə Rusiyada idxalın azalmasına səbəb olacaq. Bu kontekstdən Azərbaycanın Rusiyaya ixracatında da azalmaların olacağı istisna deyil. Digər tərəfdən, Rusiyanın oxşar kənd təsərrüfatı məhsulları idxal etdiyi əsas ölkələr hələlik sanksiyalara qoşulmadığı üçün qadağalar Azərbaycan sahibkarları üçün şimalda əlavə imkanlar yaratmayacaq. Əksinə, alıcılıq qabiliyyətinin azalması Rusiyada idxal məhsullarına tələbi azaldacaq.
Aydındır ki, sanksiyalar Rusiyada yaşayan həmyerlilərimizə də təsirsiz ötüşməyəcək. Bu isə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı anlamına gəlir. Qeyd edək ki, il ərzində fərqli vasitələr ilə Rusiyadan Azərbaycana 1 milyard dollardan artıq vəsaitin göndərildiyi güman olunur.
Rusiyaya tətbiq edilən sanksiyalar bir daha təsdiq edir ki, sahibkarlarımızın alternativ bazarlara çıxış imkanlarının genişləndirilməsi çox vacibdir. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlada, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şahələndirilməsinə ehtiyac var.