Bu gündən Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.
"Kommersant" xəbər verir ki, bu barədə "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.
"Cənub Qaz Dəhlizi layihəsinə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib və artıq Trans Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu gün, iyunun 30-da Türkiyəyə ilk kommersiya qazının tədarükü başlandı. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir", - o deyib.
Ə.İsayev qeyd edib ki, layihə üzrə bir sıra işlər tamamlanıb: "Layihə çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi ("SD2"), habelə Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi ("SCPX") üzrə ilk kommersiya qazın çatdırılmasına dair işlər 100% yerinə yetirilib. Eyni zamanda TANAP-ın inşası üzrə işlərin 94.8%-i, Trans-Adriatik Boru Kəmərinin ("TAP") inşası üzrə isə işlərin 74,6%-i icra edilib. Tikinti işləri uğurla davam etdirilir. SD2 layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 mlrd. ABŞ dolları (2018-ci ilin may ayının sonuna 17,8 mlrd. ABŞ dolları xərclənmişdi), SCPX layihəsi üzrə – 4,5 mlrd. ABŞ dolları (2018-ci ilin may ayının sonuna 4,2 milyard ABŞ dolları xərclənmişdi), TANAP layihəsi üzrə – 8 mlrd. ABŞ dolları (2018-ci ilin may ayının sonuna 5,5 mlrd. ABŞ dolları xərclənmişdi) və TAP layihəsi üzrə – 4,5 mlrd. avro (2018-ci ilin may ayının sonuna 3 mlrd. avro xərclənmişdi) məbləğlərində qiymətləndirilir. CQD QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 mlrd. ABŞ dolları təşkil edir. 2018-ci ilin may ayının sonuna artıq 9,1 mlrd. ABŞ dolları (təqribən 80%) investisiya edilib".
Xatırladaq ki, CQD layihəsinin məqsədi SD2 layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
CQD QSC Azərbaycan Respublikası Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.