Neftin fyuçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir.
"Kommersant.az"ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir:
"Səudiyyəli həmkarım, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda, narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə OPEC+ çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyimi bildirirəm. Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik OPEC+ fəaliyyətini hər zaman dəstəkləyir", - P.Şahbazov yazıb.