Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi ilə Strategiya və Büdcə Rəhbərliyi tərəfindən Ortamüddətli Proqram (2023-2025) hazırlanıb. Proqrama hökumətin iqtisadi artım, işsizlik, inflyasiya və dollar/TL məzənnəsi ilə bağlı proqnozları daxil edilib.
"Kommersant.az" xəbər verir ki, Proqram Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunub.
Proqramda iqtisadi artım proqnozu 2022 və 2023-cü illər üçün 5%, 2024 və 2025-ci illər üçün isə 5.5% olub. İşsizlik nisbəti proqnozları 2022-ci il üçün 10.8%, 2023-cü il üçün 10.4%, 2024-cü il üçün 9.9% və 2025-ci il üçün 9.6% olaraq açıqlanıb. İlin sonuna istehlakçı inflyasiya proqnozları 2022-ci il üçün 65%, 2023-cü il üçün 24.9%, 2024-cü il üçün 13.8%, 2025-ci il üçün 9.9% təşkil edib. Cari hesab kəsirinin milli gəlirə nisbəti üzrə hesablamalar 2022-ci il üçün 5.9%, 2023-cü il üçün 2.5%, 2024-cü il üçün 1.4%, 2025-ci il üçün 0.9% təşkil edib.
Hökumət həmçinin milli gəlirlər üçün TL və ABŞ dolları ilə də proqnozunu bölüşüb.. Bu hesablamalara görə, hökumətin orta dollar/TL məzənnəsi təxminləri 2022-ci il üçün 16.62, 2023-cü il üçün 21.52, 2024-cü il üçün 24.62, 2025-ci il üçün isə 25.76 olub.
Hökumət 2022-ci ildə 47.3 milyard dollar, 2023-cü ildə 22 milyard dollar, 2024-cü ildə 13.7 milyard dollar, 2025-ci ildə 10 milyard dollarlıq cari kəsir gözləyir.
Proqrama görə, hökumət bu il enerji xərclərinin 100 milyard dolları keçəcəyini gözləyir.
2021-ci ildə 50.7 milyard dollar olan enerji idxalının 2022-ci ildə 103.5 milyard dollara yüksələcəyini təxmin edən hökumət idxal üçün 2023-cü ildə 85 milyard, 2024-cü ildə 76,3 milyard, 2025-ci ildə isə 70.9 milyard dollar ödəyəcək.
Hökumət 2021-ci ildə 20.8 milyard dollar olan turizm gəlirinin 2022-ci ildə 34 milyard dollara, 2023-cü ildə 45 milyard dollara, 2024-cü ildə 55 milyard dollara və 2025-ci ildə 62 milyard dollara yüksələcəyini gözləyir.
Mərkəzi hökumət büdcəsi üzrə gəlirlər, xərclər və balans smetaları da Proqrama daxil edilib. Belə ki, 2021-ci ildə 201.5 milyard TL olan mərkəzi hökumət büdcə kəsirinin 2022-ci ildə 461.2 milyard TL, 2023-cü ildə 659.4 milyard TL, 2024-cü il üçün 582.7 milyard TL, 2025-ci ildə isə 409 milyard TL olacağı proqnozlaşdırılır.
2021-ci ildə 180.9 milyard TL olan mərkəzi hökumətin faiz xərclərinin 2022-ci ildə 329.8 milyard TL, 2023-cü ildə 565.6 milyard TL-yə, 2024-cü ildə 697.8 milyard TL-yə, 2025-ci ildə isə 774.5 milyard TL-yə yüksələcəyi proqnozlaşdırılır.