USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qiymət artımları əhalinin rifahına birbaşa təsir edir - Palata

01.11.2022 İqtisadiyyat
0 0
Dünya bazarında bəzi xammal və məhsullar üzrə əhəmiyyətli paylara sahib olan Rusiya və Ukrayna arasında irimiqyaslı hərbi əməliyyatların davam etməsi, əməliyyatları dayandırmağa məcburetmə vasitələri kimi Rusiya iqtisadiyyatına müxtəlif ticari və maliyyə sanksiyalarının tətbiqi müxtəlif növ xammalların, eləcə də ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasını şərtləndirib.

Bu barədə Banker.az Hesablama Palatasının “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi şərhə istinad edir.

Belə ki, BMT-nin statistik məlumatlarına əsasən, kənd təsərrüfatı məhsullarının, o cümlədən qlobal buğda ixracının 25%-i, qarğıdalı ixracının 16%-i, eləcə də günəbaxan yağının ixracının 56%-i Rusiya və Ukraynanın payına düşür. Bununla yanaşı, ərzaq təhlükəsizliyi əsas gətirilməklə ixrac potensialı olan digər ölkələr tərəfindən ixrac həcminin azaldılması təklif həcmini daha da azaltmaqla, onsuz da yüksək olan qiymətlərə bir qədər də artırıcı təsir edib. Qeyd edək ki, cari ilin əvvəlindən ərzaq və gübrə ixracına tətbiq edilmiş 47 məhdudiyyətdən 43-ü müharibənin başlanılmasından sonrakı dövrün payına düşür.

Dünya Bankının məlumatlarına əsasən, ərzaq məhsulları üzrə cari ildə ən yüksək bahalaşma illik ifadədə 36.5% və 32.6% olmaqla, müvafiq olaraq, mart və aprel aylarında izlənmişdir (Şəkil 1).

Taxılın qiymətində baxılan dövr ərzində əhəmiyyətli artımlar qeydə alınmış, taxıl məhsulları 2022-ci ilin sentyabr ayında illik qiymətləndirmədə 25.1% bahalaşmışdır. 2021-2022-ci illər ərzində taxıl qiymətlərində qeydə alınan artımlar son 10 il ərzində ən yüksək həddə çatmışdır. Cari ilin 9 ayı ərzində gübrələr üzrə bahalaşma müxtəlif aylar üzrə 60%-150% intervalında dəyişmiş, bu amil də kənd təsərrüfatında məhsulların qiymətlərinə əhəmiyyətli təzyiqi labüd etmişdir. Dünya Bankının aprel proqnozlarına əsasən, 2023-cü ildə ərzaq məhsullarının 10.4%, o cümlədən taxıl məhsullarının 10.3% ucuzlaşacağı gözlənilir. Ərzaq məhsulları üzrə qiymətlərin dinamikasına əhəmiyyətli təsir edən gübrələrin də qiymətlərində növbəti ildə 11.4% azalma proqnozlaşdırılır.

Ərzaq inflyasiyasının sürətlənməsi aşağı gəlirli ev təsərrüfatlarına daha böyük neqativ təsirlə nəticələnə bilər. İnkişaf etməkdə olan ölkələrdə (İEOÖ) ev təsərrüfatlarının istehlak səbətində daha çox ərzaq məhsullarının olması faktı fiskal dəstəyin, o cümlədən əməkhaqqı artımının məhdud olduğu, eləcə də pandemiya şoklarının tam neytrallaşmadığı bu qrup ölkələrdə yoxsulluğun artması ehtimalını diqqətdə saxlamağı zəruri edir. Xammallar üzrə qiymət artımlarının davam etməsi istehsalçı xərclərini artırmaqla, ərzaq məhsulları ilə yanaşı, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə də qiymətlərin yüksəlməsi ilə nəticələnmiş, əksər ölkələr üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə inflyasiyanın sürətlənməsi müşahidə edilmişdir. BVF-in MDB ölkələri üzrə inflyasiyaya dair proqnozlarına əsasən, cari ildə, eləcə də növbəti ildə MDB ölkələrə və Gürcüstanda inflyasiyanın yüksək olacağı nəzərdə tutulur (Cədvəl 2).

Beynəlxalq təşkilatlar tərəfindən 2022-ci ildə tələbin təklifi üstələməsi nəticəsində müşahidə olunan qiymət artımının müvəqqəti olacağı ilə bağlı fikirlər irəli sürülsə də, 2022-ci ilin iqtisadi mənzərəsində hərbi faktorların dominant olması yüksək inflyasiyanın davamlı olacağı fərziyyələrini formalaşdırır. Bu amillər 2022-ci və 2023-cü illər üzrə qlobal inflyasiya proqnozlarının artırılması ilə nəticələnmiş, 2023-cü ildə 2022-ci illə müqayisədə qiymətlərin artım tempinin nisbətən zəifləyəcəyi proqnoz edilmişdir.

BVF-in proqnozlarına əsasən, 2023-cü ildə qlobal inflyasiyanın 6.5%, o cümlədən inkişaf etməkdə olan ölkələr üzrə 4.4% (ilkin versiyada 2.1%), İEOÖ-lər üzrə isə 8.1% (ilkin versiyada 4.7%) olacağı nəzərdə tutulmuşdur.

Davam edən yüksək inflyasiya əhalinin rifahına birbaşa təsir etməklə yanaşı, digər əhəmiyyətli risklərə də yol aça bilər. Belə ki, əhali gəlirlərinin dəyərsizləşməsini qorumaq məqsədilə həyata keçirilən əməkhaqqı artımları və sosial dəstək əməkhaqqı-qiymət artımı spiralı ilə nəticələnər ki, bu da iqtisadiyyatlarda məzənnə dayanıqlılığı üçün ciddi təhdidlərdən hesab edilir.

Milli valyutaların dəyərsizləşməsi fonunda bahalaşan idxal həcmi isə tədiyə balansı üzrə əsas göstəricilərin dəyişməsinə səbəb olur.