Noyabrın 15-də Polşanın hava məkanı üzərində uçan NATO təyyarəsi ölkədə partlayan raketin izinə düşüb.
"Kommersant.az" xəbər verir ki, bu barədə CNN-in alyansın hərbi nümayəndəsinə istinadən məlumatında deyilir.
"NATO və Polşaya radar izləri ilə kəşfiyyat məlumatları verilib”, - o əlavə edib. Eyni zamanda, NATO nümayəndəsi raketin kim tərəfindən buraxıldığını və haradan atıldığını dəqiqləşdirməyib. Telekanal aydınlaşdırır ki, təyyarə Ukrayna səmasında müntəzəm müşahidə uçuşu həyata keçirib, onlar Rusiya hərbi əməliyyatları başlayandan belə müntəzəm uçuşlar həyata keçirirlər.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden deyib ki, ilkin məlumatlar Polşaya doğru raketlərin Rusiyadan atıldığı ehtimalını təkzib edir. Polşa prezidenti Andjey Duda bildirib ki, istintaq hərəkətləri davam edir, lakin "heç nə Polşa ərazisinin raketlərlə atəşə tutulmasının təkrarlana biləcəyini göstərmir”.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu ərəfədə Polşa KİV-lərinin və rəsmilərinin Rusiya raketlərinin Prjevoduv bölgəsinə düşməsi ilə bağlı bəyanatlarını təxribat adlandırıb. TASS xəbər verir ki, departament Ukrayna-Polşa sərhədi yaxınlığında Rusiya silahlarının zərbələrinin olmadığını bildirib. Rusiya Müdafiə Nazirliyində vurğulanıb ki, Polşa mediasının hadisə yerindən yaydığı qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.