Dövlət Gömrük Komitəsi tərəfindən xarici ölkələrdən sifariş edilən mobil telefonlarla bağlı aparılan araşdırma nəticəsində mövcud gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması halları müəyyən edilib.
"Kommersant"ın Trend-ə istinadla məlumatına görə, asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar göndərir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər. Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bir çox hallarda sənədlərdə adı çəkilən şəxslər faktiki olaraq sifarişlərdən xəbərsizdir. Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır. Digər tərəfdən gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir. Qeyd edək ki, son bir ayda poçt göndərişləri vasitəsilə ölkə ərazisinə 30 minə qədər mobil telefon gətirilib ki, bunun da 25 mini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən göndərilib. Əksər hallarda isə gömrük rəsmiləşdirilməsi üçün saxta invoyslar təqdim edilir. Poçt göndərişləri ilə bağlı yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün aparılan araşdırmalar isə bəzi hallarda onlayn ticarətdən qanuni yollarla istifadə edən şəxslərin sifarişlərinin yubanmasına, vaxtında sahibinə təhvil verilməməsinə səbəb olur. Sifarişlərin çatdırılmasında baş verən geçikmələrin əsas səbəblərindən biri də "Azərpoçt" MMC tərəfindən yüklər barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməməsidir. Bu da ölkəyə gətirilən yüklərin gömrük yoxlaması və rəsmiləşdirilməsi prosesini xeyli ləngidir. Belə ki, bu məlumatlar olmadığı üçün daxil olan yüklərin çeşidlənməsi, sifarişlərin mütəmadiliyinin yoxlanılması məqsədilə gömrük əməkdaşları bütün malların hər birinə tək-tək baxış keçirməli, daha sonra isə həmin məlumatları sistemə daxil etməlidir. Qeyd edək ki, hazırda gömrük orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir və araşdırmaların sonunda gömrük qanunvericiliyinin tələblərinin kobud surətdə pozan hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunacaq.