Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin kollektivini təbrik edib.
"Kommersant"ın xəbərinə görə, təbrik mətnində deyilir:
"Hörmətli Konstitusiya Məhkəməsi hakimləri və əməkdaşları!
Sizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə təbrik edirəm.
Konstitusiya Məhkəməsinin yaradılmasının 20-ci ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf edir və bu iki mühüm tarix Azərbaycan xalqının güclü demokratik ənənələrə malik olmasını əyani şəkildə nümayiş etdirir.
Müstəqil Azərbaycanda konstitusionalizm ideyalarının inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan xalqının hüquqi, demokratik, dünyəvi dövlət qurmaq niyyətini bəyan etmiş və insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etmişdir.
Əsas Qanunun aliliyini təmin etmək məqsədilə 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması konstitusiya islahatlarının növbəti önəmli mərhələsi olmuşdur.
Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir.
Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə demokratik və hüquqi dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir.
Bir daha Sizi təbrik edir və Konstitusiya aliliyinin təmin edilməsinə yönəlmiş fəaliyyətinizdə yeni uğurlar arzulayıram".