USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Millət vəkilləri harada dincələcəklər? - SORĞU

06.07.2018 İqtisadiyyat
0 0
Milli Məclisin (MM) yaz və növbədənkənar sessiyalarının başa çatması ilə millət vəkillərinin yay tətili başladı. Yəni, iyunun 29-da millət vəkilləri rəsmən yay tətilinə, sentyabr ayının 15-nə kimi iki ay yarımlıq məzuniyyətə çıxdılar.

Bəs görəsən, millət vəkilləri yay tətilini harada keçirəcəklər?

Bununla bağlı millət vəkili Qənirə Paşayeva yay tətilini yenə iş başında keçirəcəyini, məzuniyyətə geniş vaxt ayıra bilməyəcəyini deyib.

O, yay tətili dövründə deputat seçildiyi doğma Tovuz bölgəsində seçicilərlə görüşlərini davam etdirəcəyini bildirib:

"Bundan başqa, bizim təşkilatın - "Avrasiya" İctimai Birliyinin xarici ölkələrdə Azərbaycan həqiqətləri, mədəniyyəti, Qarabağla bağlı tədbirləri var. Əsas diqqət onlar üzərində olacaq. Ona görə istirahət üçün tətilə gedə bilməyəcəyəm".

Millət vəkili Fazil Mustafa yay tətilini Azərbaycanda, Bakı şəhərində və doğulub boya-başa çatdığı Naxçıvan bölgəsində keçirəcəyini bildirib:

"Daha çox da istirahəti Bakıda keçirəcəyəm".

Millət vəkili Eldəniz Səlimov, həmkarları kimi, yay tətilində istirahətə geniş yer ayıra bilməyəcəyini deyib.

Millət vəkili bildirib ki, yay tətilini daha çox doğma Xaçmaz rayonunda keçirəcək:

"Yay tətili fürsətindən istifadə edib seçicilərimlə daha çox bir arada olmağa, onları dinləməyə, onları narahat edən problemlərin, məsələlərin həllini yerli və aidiyyəti qurumlarla həll etməyə üstünlük verəcəyəm.

Yəni, yay tətilini qeyri-rəsmi iş başında keçirəcəyəm. Əslində, bunun özü də mənəvi istirahətdir. İnsanlarla, seçicilərlə bir arada olmaqdan məmnunluq duyuram. Ola bilər ki, arada vaxt tapıb ailəmlə, dostlarımla Azərbaycanın hansısa bölgəsinə gedim".

Millət vəkili Kamilə Əliyeva hər il olduğu kimi, bu il də yay tətilini Azərbaycanda, Bakıda və ya ölkənin səfalı guşələrindən birində keçirməyə üstünlük verəcəyini bildirib:

"Millət vəkilləri, siyasətçilər, elm adamları üçün tətil sözü bir qədər qəribə səslənir (gülür). Çünki onların funksiyası elədir ki, gərək daim öz işlərinin başında olsun, qeyri-rəsmi də olsa...

Amma təbii ki, bizlər də insanıq, dincələməyə bizim də haqqımız çatır. Bu baxımdan, yay istirahəti dövründə vaxt edib, Bakıdan bir qədər kənarda olmağa da çalışacam".

Millət vəkili Vahid Əhmədov da həmkarlarından fərqli düşünmür.

O, yay tətilini daha çox Azərbaycanda, doğma bölgəsi olan Quba rayonunda keçirəcəyini deyir:

"Rəsmən yay tətilinə çıxsaq da, seçicilərimin arasındayam. Elə bu günlərdə yenidən Qubada oldum, seçicilərimlə görüşdüm, qəbul keçirdim, insanları dinlədim. Qəbuldan əvvəl isə seçicilərin arzusunu nəzərə alaraq, deputat-seçici dialoqu formasında tədbir təşkil etdik.

Arzu edən hər bir vətəndaşa istədiyi məsələ ətrafında öz fikir və mülahizələrini demək və cavab almaq imkanı yaratdıq. Özünüz də görürsünüz ki, istirahətə, dincəlməyə o qədər zamanımız yoxdur".

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yay tətilini, istirahət mövsümünü Bakıda, təmsilçisi olduğu Lənkəran rayonda keçirəcəyini söyləyib:

"Mənim üçün istirahət anlayışı fərqlidir. Yəni, tətilə çıxsaq da, yenə parlamentə gəlib-gedir, qanunvericilik planlarımızla, görüləcək işlərimizlə maraqlanır, işləyirəm. Həm təmsilçisi olduğum, həm də doğma yurdum olan Lənkəranda oluram, orada insanlarla, seçicilərlə təmasda olmağa üstünlük verirəm. Hələlik ölkədən kənara çıxmaqla bağlı planımız yoxdur. Daha çox Bakıda, Lənkəranda olacağıq".

Millət vəkili Sahibə Qafarova işlərin çoxluğundan yay tətilində istirahətə geniş zaman ayırmaq imkanı olmadığını bildirib:

"İşlər həddindən artıq çoxdur. Odur ki, istirahətə vaxt ayırmaq mümkün olmur. Xarici səfərlər istirahətə vaxt ayırmağa imkan vermir".

Millət vəkili Tahir Rzayev yay tətilində daha çox Bakıda və Ağcabədi rayonunda olacağını bildirib:

"Ağcabədiliyəm, dörd çağırışdır, o bölgəni parlamentə təmsil edirəm. Orada evimiz var. Odur ki, yay tətilinin çoxunu Ağcabədidə keçirməyə çalışıram. Bakıda da olacağam. Bununla yanaşı, ola bilsin ki, vaxt tapıb, Azərbaycanın istirahət bölgələrindən birinə gedim. Buna da haqqımız çatır, yəqin (gülür)".

Oxu.az