USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tıxaclarda nə qədər pul itiririk? - EKSPERT

07.07.2018 İqtisadiyyat
0 0
“Tıxac sürücülərin cibinə və ümumi iqtisadi proseslərə ziyan vurur”.

"Kommersant" xəbər verir ki, tıxac dünya ölkələrinin həll etməyə çalışdığı problemlərdəndir.

Statistikaya əsasən, ABŞ-ın paytaxtı Vaşinqton küçələrindəki tıxaclarda ildə 560 milyon litr yanacaq itirilir. Braziliyanın San-Paulo şəhər rəhbərliyinə isə tıxaclar ildə 2,3 milyard dollara başa gəlir. Avropada hər sürücü tıxaca görə orta hesabla ildə 1000 dollarını itirir.

İnkişaf etmiş ölkələr problemin həlli istiqamətində müxtəlif adımlar atır. Məsələn, dünyada tıxac probleminə görə birinci yerdə olan San Paulo şəhərinin əhalisi avtomobilə yox, vertolyota üstünlük verir. Fransa və Çin kimi ölkələr isə problemlə mübarizədə velosipeddən istifadə edirlər.

Bəs Azərbaycanda məsələ ilə bağlı vəziyyət nə yerdədir?

Ölkədə bir çox alternativ yolların salınmasına baxmayaraq tıxac problemi hələ də həllini tapmayıb. Ekspertlərin hesablamalarına görə, ölkəmizdə 70-80 km yol üçün 5 manatlıq benzin istifadə olunur. Əgər Bakı şəhərində təxminən 800 min şəxsi avtomobilin olduğunu nəzərə alsaq görərik ki, həmin maşınların 250 mini, eyni anda hərəkət vəziyyətində olur. Onların 30%-i, yəni, 70-80 mini gün ərzində 1 saat tıxacda qalırsa, bu, 160 min litr yanacağın sərfi olunması deməkdir.

Tıxac vaxtı atmosfer adi vaxtlarda olduğundan 4,5 dəfə artıq zəhərli maddələrlə çirklənir. Ekoloji amili də nəzərə alsaq, hesablamalar göstərir ki, 1 ildə Azərbaycanda havaya təkcə avtomobillərdən daxil olan yalnız zəhərli qazın həcmi 750 min - 1 milyon ton arasındadır.

"Tıxac sürücülərin cibinə və ümumi iqtisadi proseslərə ziyan vurur".

"Kommersant" xəbər verir ki, bunu portalımıza açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, tıxac yanacağın artıq sərfiyyatıdır ki, bu da birbaşa sürücünün cibinə ziyan vurur:

"Tıxac eyni zamanda zaman itkisi deməkdir. Obyektlərin məhsullarla, xidmətlərlə təmin olunmasındakı gecikmələr müştərilərin itirilməsi deməkdir. Bu nöqteyi-nəzərdən tıxaclar iqtisadiyyat dövriyyəsinin zəifləməsi, vergi göstəricilərinin aşağı düşməsinə səbəb olur".

Ekspert qeyd edib ki, tıxac eyni zamanda psixoloji problemlərə də yol açır:

"Psixoloji gərginlik iqtisadi faktordur. İnsanın psixoloji durumu pisləşdikcə onun əmək və keyfiyyətli iş görmə qabiliyyəti aşağı düşür. Bu isə şirkətin göstəricilərinə mənfi təsir göstərir".

N.Cəfərli bildirib ki, Azərbaycanda tıxac problemi ilə bağlı ciddi elmi araşdırma aparılmır:

"Halbuki digər ölkələrdə, məsələn, Yaponiya və ABŞ-da bununla bağlı ciddi araşdırmalar aparılıb. Azərbaycanda isə ümumi hesablamalar aparılmadığından rəqəmlərlə danışmaq çətin olur".

İqtisadçı vurğulayıb ki, problemdən çıxış yolu kimi paytaxtın digər şəhərlərə köçürülməsi daha məqsədəuyğundur:

"Dövlət idarələrinin (Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və s.), nazirliklərin (Kənd Təsərrüfatı Nazirliyi və s.) regionlara köçürülməsi tıxacın aradan qaldırılmasına ciddi kömək ola bilər. Bu yolla regionların cəlbediciliyi də artırılmış olar. Orada yeni iş yerlərinin, qazanc imkanlarının artması Bakıda əhalinin sıxlığının azalmasına səbəb ola bilər".