2022-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,1 faiz azalaraq 86 milyard manat təşkil edib.
Kommersant.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,1 faiz artıb. Sənaye məhsulunun 75,4 faizi mədənçıxarma, 20,6 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,1 faizdir.
Ümumi istehsalın 94,1 faizi sənaye məhsullarının istehsalı, 5,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. 2022-ci ildə 2021-ci illə müqayisədə uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 25,1 faiz, istehsal vasitələrinin istehsalı 14,4 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 6,8 faiz artıb, aralıq istehlak məhsullarının istehsalı isə 2,1 faiz, enerji məhsullarının istehsalı isə 1,7 faiz azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yanvarın 1-nə 1043,0 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 44,8 faizi Bakı, 23,6 faizi Sumqayıt, 4,1 faizi Gəncə şəhərlərinin, 3,8 faizi Şirvan, 0,1 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 71,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.