USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Parklanma özbaşınalığının qarşısı alınacaq - AÇIQLAMA

10.07.2018 İqtisadiyyat
0 0
"Sərəncam Bakı şəhərində yol hərəkəti ilə bağlı nizam-intizamı daha da gücləndirəcək".

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

6 iyulda imzalanan Fərman, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədi ilə qərara alınıb.

"Sərəncam Bakı şəhərində yol hərəkəti ilə bağlı nizam-intizamı daha da yüksəldəcək".

"Kommersant" xəbər verir ki, bunu saytımıza açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə tıxacların, eyni zamanda yol-qəza hadisələrinin baş verməsi məhz şəhərin mərkəzi küçələrində dayanma-durmanı qadağan edən nişanların təsir zonasında və yaxud parklanması icazə verilən ərazidə düzgün parklandırılmayan nəqliyyat vasitələrinin hesabına baş verir:

"Hər bir sürücü başa düşməlidir ki, nəqliyyat vasitələrinin düzgün dayandırılması yol hərəkətində vacib şərtdir. Ərazidə polis əməkdaşının xidmət edib-etməməsindən asılı olmayaraq bu tələblər düzgün şəkildə yerinə yetirilməlidir".

V.Əsədovun sözlərinə görə, çox zaman taksi fəaliyyəti ilə məşğul olan sürücülər həmin tələbləri pozur:

"Təəssüf ki, bəzən sürücülər tərəfindən də avtobus duracaqları bir neçə dəqiqəliyə zəbt edilir ki, bu da yolverilməzdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, dayanma-durma və parklanma tələblərinin pozulması ilə bağlı konkret məbləğ məlumdur. Dayanma-durma tələblərinin pozulmasına görə 20 AZN, avtobus duracaqlarının qeyri-qanuni zəbt edilməsinə görə 40 AZN cərimə nəzərdə tutulub. Nişan tələblərinin pozulması ilə bağlı cərimələr isə 40 AZN nəzərdə tutulub.

Bakı şəhəri üzrə avtomobillərin park edilməsi üçün təxminən 8 yeraltı və yerüstü parkinq tikilib. Hökumət Evinin qarşısında, Heydər Əliyev Sarayının arxa hissəsində, Bülbül prospektində, Kömürçü bazarı ərazisində və s. Avtomobillərin dayanması ilə bağlı şəhərdə 70-dən artıq küçə və prospektdə 300-ə yaxın parkomat var".

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü vurğulayıb ki, bəzi sürücülər tərəfindən tələblərin pozulması Dövlət Yol Polis İdarəsi tərəfindən onlara qarşı sərtləşdirici cəzaların həyata keçirilməsinə səbəb olur:

"Vaxtilə 1 sürücü dayanma, durma ilə bağlı 2-3 dəfə yol polisi ilə üzbəüz gəlirdisə, indi bu probemi yaradanlar, əsasən, taksi fəaliyyəti ilə məşğul olan sürücülərdir. Tərtib edilən texniki vasitələr öz bəhrəsini verməkdədir. Kamera görüntüləri, eləcə də elektron protokollar tələblərin yerinə yetirilməsinə müsbət təsir göstərir".

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə "Kommersant"a açıqlamasında bildirib ki, Fərmandakı tapşırıqların həyata keçirilməsi kompleks işlər tələb edir:

"Fərmandakı tapşırıqlardan biri taksi duracaqlarının yaradılması ilə bağlıdır. Dayanma, durma qaydaları, onun tətbiqi ilə bağlı şəhərin infrastrukturuna aydınlıq gətirilməli, sonra isə məsuliyyət tədbirləri görülməlidir. Məsuliyyət tədbirlərinin görülməsi isə Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyinə verilir (dayanma, durma qaydalarını pozan sürücülərin məsuliyyətə cəlb olunmasından tutmuş, dayanma, durma qaydalarını pozaraq tıxac yaradan, başqalarına mane olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılmasına qədər)".

Ekspert qeyd edib ki, bəzi taksi sürücüləri, xüsusilə, metro çıxışlarında (potensial taksi sərnişinlərinin çox olduğu yerlərdə) dayanma, durma qaydalarını pozurlar:

"Lakin bu o demək deyil ki, paytaxtda dayanma, durma qaydalarını yalnız taksi sürücüləri pozur. Elə ictimai iaşə obyektləri, restoran, şadlıq sarayı, ticarət mərkəzləri var ki, onların qarşısında avtomobillər cərgə ilə dayanırlar".

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev redaksiyamıza açıqlamasında bildirib ki, Fərmandan irəli gələn məsələlərlə bağlı müzakirələr aparılır:

"Yaxın günlərdə məsələ ilə bağlı açıqlama veriləcək".

  • Əvvəlki

    Prokuror Az.TV sədrinə sui-qəsdə təqsirləndirilən şəxslərə cəza istəyib

Digər xəbərlər