USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə zəlzələ neftin qiymətini artırıb

07.02.2023 İqtisadiyyat
4 0
Dünyada neftin qiymətləri bugün 1% artıb.

Kommersant.az-ın məlumatına görə, ticarət məlumatları bundan xəbər verir.

İnvestorlar Türkiyə və Suriyadakı dağıdıcı zəlzələnin nəticələrini qiymətləndirməklə yanaşı, Çindən tələbatla bağlı optimist gözləntiləri qoruyub saxlayırlar.

Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,99% artaraq 1 bareli 81,79 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 1,07% artaraq 1 bareli 74,9 dollara çatıb.

Türkiyə və Suriyadakı dağıdıcı zəlzələ bazar ertəsi baş verib. KİV-in məlumatına görə, zəlzələ nəticəsində Türkiyənin iri Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb. Suriyada isə Tartus əyalətində ən böyük neft emalı zavodunun fəaliyyəti dayanıb.

Bununla belə, treyderlər əvvəlki kimi karantin məhdudiyyətləri zəiflədikdən sonra Çindən tələbatın canlanacağına ümid edirlər ki, bu da iqtisadi proqnozlara öz müsbət təsirini göstərib. Çin dünyada ən böyük neft istehlakçılarından və idxalçılarından biridir, bu səbəbdən ölkənin iqtisadiyyatı ilə bağlı gözləntilər neftə tələbat proqnozlarına təsir göstərir.

İnvestorlar həmçinin "Saudi Aramco" şirkətinin ötən gün Asiya, Avropa və ABŞ istehlakçıları üçün neftin mart ayı üzrə buraxılış qiymətlərini artırdığına diqqət yetiriblər.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb, daha 15 834 nəfər yaralanıb.