"Cari ildə daha 100 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi barədə verdiyiniz tapşırıqların icrası olaraq suvarma kanallarının, nasos stansiyalarının tikintisi, yenidən qurulması, bərpası işləri və digər meliorativ tədbirlər hazırda uğurla həyata keçirilir”.
"Kommersant"ın məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib. Onun sözlərinə görə, Taxtakörpü su anbarı zonasında Xızı, Siyəzən və Şabran rayonlarında ötən illərdə suvarma suyu ilə təmin edilmiş 22 min hektar yeni suvarılacaq torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir.
Ə.Əhmədza dəbildirib ki, cari ildə Şabranda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılacaq: “Hazırda “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, Xızı rayonunda isə 436 hektar sahədə salınmış zeytun və badam bağları suvarma suyu ilə təmin edilib. Şəmkirçay su anbarı zonasında isə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişməsində keçid qurğusunun və kanalın 5 kilometrlik hissəsinin, eləcə də Goranboy və Samux rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus torpaq sahələrinə suvarma suyunun verilməsi üçün boru kəmərinin və su hovuzunun tikintisi cari ildə başa çatdırılıb. Gələcəkdə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin son 14 kilometrlik hissəsinin tikintisi və onun əsas su mənbəyi olan Kür çayı üzərindəki nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması ilə Goranboy rayonunun daha 10 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olacaq. Hörmətli cənab Prezident, Sizin müvafiq tapşırıqlarınızla Cəbrayıl rayonunun erməni qəsbkarlarının işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin 400 hektar torpaq sahəsi, ona qonşu ərazidə yerləşən Füzuli rayonunun isə 280 hektar torpaq sahəsi Araz çayından suvarma suyu ilə təmin edilib”.
Ə.Əhmədzadə qeyd edib ki, Kür çayından Sabirabad rayonunun 16851 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün “H” kanalının və nasos stansiyasının tikintisi tamamlanıb, digər suvarma kanallarında tikinti işləri davam etdirilir: Bu layihənin icrası ilə Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələri də suvarma suyu ilə təmin ediləcək. Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Neftçala magistral kanalının son 11 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb və hazırda nasos stansiyalarının hidromexaniki avadanlıqlarla təmin edilməsi işləri aparılır. Hacıqabul rayonunda meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar, Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilərək Ağcabədi rayonunda 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq”.
Bundan başqa, cari ildə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsinin 8740 hektar torpaq sahəsini suvarma suyu və əhalini içməli su ilə təmin etmək üçün qazılacaq 300 subartezian quyusunun 175-ində qazma işləri tamamlanıb, qalanlarında isə iş ilin sonuna qədər başa çatdırılacaq. Dünya Bankının krediti ilə respublikanın 5 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib. Cari ilin sonuna bu işlərin tamamlanması nəzərdə tutulur.
“2017-ci ildə Araz çayının 54 kilometr uzunluğunda yeni qolunu torpaq məcrada inşa etməklə Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma su mənbəyi yaradılıb. Cari ildə həmin kanalı beton üzlüyə almaqla bu rayonların əlavə olaraq 13 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi mümkün olub. Hazırda paylayıcı kanalların tikintisi işlərinə başlanılıb. Abşeron yarımadasında zeytunçuluğun, badamçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etmək üçün Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Eyni zamanda, Xəzər və Pirallahı rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 758 hektarı suvarma suyu ilə təmin edilib, 1226 hektar sahənin su təminatı üçün nasos stansiyalarının, basqılı boru kəmərlərinin və su hovuzlarının tikintisi işlərinə başlanılıb. Cari ildə “Qax Aqropark”ın 900 hektara yaxın, Şəki və Oğuz rayonları ərazisində yaradılmış aqroparkların qoz-fındıq bağları salınacaq 12 min hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması işləri davam etdirilir. Eyni zamanda, infrastruktur obyektlərinin, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin və yaşayış məntəqələrinin sel və daşqın sularından qorunması üçün çaylarda məcrabərpa və sahil mühafizə tədbirlərinin görülməsinə ehtiyac vardır. Məlumat üçün bildirmək istəyirəm ki, tapşırığınıza əsasən ölkənin mühüm strateji əhəmiyyətli Samur-Abşeron və Xanarx kanallarının Vəlvələçay, Qudyalçay və Qusarçay çayları ilə kəsişmə qurğularında karxanaların qanunsuz fəaliyyəti nəticəsində yaranmış qəzalı vəziyyətlərin aradan qaldırılması üzrə hazırda təxirəsalınmaz tədbirlər davam etdirilir. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə verilməsi, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılığın, taxılçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın və heyvandarlığın inkişafı üçün qarşımızda qoyduğunuz mühüm vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə Səhmdar Cəmiyyəti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir”, - deyə Ə.Əhmədzadə vurğulayıb.
O deyib ki, Cəmiyyətin bütün torpaqqazan texnikaları (1640 ədəd) suvarma və kollektor-drenaj şəbəkələri üzərinə köçürülüb, şəbəkələrin təmiri üzrə plan-qrafik tərtib edilib, işlərin icrası ciddi nəzarətə götürülüb. İstismar tədbirlərinə ayrılmış vəsait hesabına 8200 kilometr suvarma kanalları, 1600 kilometr kollektor-drenaj şəbəkəsi və 2600 ədəd hidrotexniki qurğu təmir edilib: “2018-ci il iyul ayının 2-nə respublikanın su anbarlarında 15 milyard kubmetrdən artıq su yığılıb. Su anbarlarında toplanılmış su ehtiyatları və meliorativ sistemlərdə aparılan təmir-bərpa işləri kənd təsərrüfatı bitkilərinin normal suvarılmasına şərait yaradıb. İyulun 1-nə respublikanın rayonları üzrə 1 milyon 382 min hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 2 dəfəyə yaxın suvarılıb. Hazırda vegetasiya suvarmaları uğurla davam etdirilir”.