Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson bildirib ki, Türkiyədəki qaz qovşağı dünya bazarlarına stabilləşdirici təsir göstərəcək və təchizatçıların, istehlakçıların maraqlarını təmin edəcək.
Oktyabr ayında Rusiya Federasiyası və Türkiyə prezidentləri Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləyib hazırlamağı tapşırıblar. Xüsusilə, bu qovşaq vasitəsilə zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirmək mümkün olacaq.
"Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir", - deyə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, burada başqa ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir:
“Biz güman edirik ki, Vladimir Putinin Türkiyədə qazpaylayıcı mərkəzin yaradılması təşəbbüsünün həyata keçirilməsi təkcə tədarükçülərin və istehlakçıların maraqlarını təmin etməyəcək, həm də beynəlxalq enerji bazarlarına stabilləşdirici təsir göstərəcək”.