USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərsu" daha bir elektron xidmətini istifadəyə verib

10.07.2018 İqtisadiyyat
0 0
“Azərsu” ASC istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir.

"Kommersant" "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" ölkə prezidentinin fərmanına uyğun olaraq səhmdar cəmiyyəti 13-cü - "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidmət istifadəyə verilib.

Bu xidmət vasitəsilə əhali qrupu üzrə yeni istehlakçılar "Azərsu"nun abunəçi azasında abunəçi kimi qeydiyyata alınır. Adıçəkilən xidmətdən su və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərt almış və şəbəkəyə qoşulmuş abunəçilər istifadə edə bilər. Bunun üçün www.e-gov.az portalında qeydiyyatdan keçmiş vətəndaşlar portalın xidmətlər bölməsində "Azərsu", daha sonra "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidməti seçilməlidir. Müraciətin qeydiyyata alınması üçün vətəndaşlar aşağıda qeyd edilən məlumatları sistemə elektron formada daxil edilməlidir.

-Rayonun adı;

-İstehlakçının ünvanı (küçə/qəsəbə/kənd, ev nömrəsi, mənzil nömrəsi);

-Bina evi və ya həyət evi seçimi;

-İstehlakçının şəxsiyyət vəsiqəsinin FİN kodu;

-Texniki şərt sənədinin elektron formada yüklənməsi (zəruri olduqda);

-Mülkiyyəti təsdiq edən sənədin (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.) elektron formada yüklənməsi;

-Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın elektron formada yüklənməsi;

-Müraciət edənin telefon nömrəsi;

-Müraciət edənin elektron poçt ünvanı;

-Müraciətlə bağlı qeydlər.

Təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra olunur və abunəçinin elektron poçt ünvanına yeni müqaviləni imzalaması üçün sukanal idarəsinə yaxınlaşması barədə bildiriş göndərilir. Əgər abunəçinin təqdim etdiyi hər hansı məlumatda yanlışlıq və ya anlaşılmazlıq aşkar edilərsə, bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür və məlumatın dəqiqləşdirilməsi tələb olunur.

Texniki şərt almış istehlakçılar bu xidmət vasitəsilə "Azərsu"nun abunəçi bazasında qeydiyyata alınır, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi üçün onlarla müqavilə bağlanır və abunəçi kodu verilir.

Qeyd edək ki, "Elektron hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 2017-ci il üzrə açıqladığı statistikaya əsasən, "Azərsu" elektron xidmətlərdən istifadə sayına görə 5-ci yeri tutub. Ötən il elektron xidmətlərlə əlaqədar səhmdar cəmiyyətinə 347 min, bu ilin 6 ayında isə 225 min müraciət daxil olub.