Enerji qəzası baş verən İES-dən niyə xəbər yoxdur?
Buna baxmayaraq, hələ də insanlarda qəzanın təkrarlanacağı həyəcanı davam edir. İkinci açılma zamanı metro tunellərində qalan bir çoxları hələ də metroya minməkdən ehtiyat edir. Məlumdur ki, qəza baş verdikdən sonra Azərbaycan Gürcüstan və Rusiyadan enerji idxal etməyə məcbur olub.
"Kommersant" xəbər verir ki, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən bir neçə gün əvvəl verilən məlumata görə, Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb: "Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir".
Məlumata əsasən, qəza baş verən "Azərbaycan" İES-in 330 kV-luq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir.
Onu da qeyd edək ki, enerji qəzası ilə bağlı ölkə prezidenti yanında keçirilən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezidentə müraciət edərək qəzanın baş verdiyi İES-də audit yoxlamasının həyata keçirilməsini təklif edib. O bildirib ki, elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir. Nazirin dediyinə görə, bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır: "Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir-birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın".
Prezident isə audit təklifini müsbət qarşılayıb: "Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır".
Bu isə o deməkdir ki, qəzanın baş verdiyi enerji bloklarında kosmetik və başdansovdi təmir işləri həyata keçirməklə iş bitməyəcək.
P.S. "Azərbaycan" İES-də qəzadan sonra görülən işlərlə bağlı "Azərenerji" ASC-dən məlumat əldə etmək istəsək də, qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirdi ki, dövlət komissiyası araşdırma apardığına görə məlumat verə bilməyəcək.
Musavat.com