Azərbaycanın dağ-mədən sahəsində aparıcı şirkətlərdən olan "Azərinterpartlayış-X” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Səlimov Əligül Məmməd oğludur. Əligül Səlimov iddiasında işə bərpa olunmasını xahiş edir.
Araşdırmalarımız zamanı bəlli olub ki, o, şirkətdə direktor müavini vəzifəsini daşıyıb. Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Əligül Səlimov apellyasiya şikayəti. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsində Azad İmanovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılacaq.
"Azərinterpartlayış-X” MMC 19 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Şükürlü Elnur Azər oğludur.
Şirkətin bundan əvvəlki qanuni təmsilçisi isə Azər Şükürov olub. Elnur Şükürlü onun oğludur. Azər Şükürov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavinidir.
2014-cü ildə Əligül Səlimov barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, "Azinterpartlayış-X" Məhdud Məsuliyyətli Cəmiyyətində əməkhaqqının mənimsənilməsi barədə vətəndaş Səməd Kərimovun müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırma zamanı 2011-2013-cü illərdə Cəmiyyətdə işləmiş Səməd Kərimova hesablanmış 7.500 manat məbləğində əməkhaqqının həmin müəssisənin maliyyə məsələləri üzrə direktor müavini Əligül Səlimov tərəfindən plastik kart vasitəsilə bankomatdan çıxarılaraq mənimsənilməsinə əsaslı şübhələr yarandığından faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Məlumatlara görə, Əligül Səlimov məhz bu məsələyə görə işini itirib. Onun şirkəti məhkəməyə verməsi isə ittihamları qəbul etmədiyini və işdən çıxarılmasını əsassız saydığını göstərir.