USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin altı ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 2 mln. sərnişinə xidmət göstərib

10.07.2018 İqtisadiyyat
0 0
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk altı ayı ərzində 1,96 milyon sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "Kommersant"a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 14 faiz çoxdur.

Hesabat dövründə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti tərəfindən 815 min sərnişin, "Buta Airways" milli aşağıbüdcəli aviaşirkət tərəfindən isə 216 min sərnişin daşınıb. Beynəlxalq reyslərlə ümumilikdə 1 milyon 685 min sərnişinə xidmət göstərilib (ümumi sərnişin axınının 86 faizi). Beynəlxalq sərnişinlərin ümumi sayının 32 faizi AZAL aviaşirkətinin, 13 faizi isə "Buta Airways" aviaşirkətinin payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan artıq istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-iyun aylarında bu istiqamətlərdə 1 milyon 250 min sərnişin uçub. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti "Gulf Air", həmçinin Omanın "SalamAir" aviaşirkəti (Maskat-Bakı) Bakıya uçuşlar yerinə yetirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu "Skytrax" konsaltinq şirkətinin ən yüksək "5 ulduz" reytinqinə layiq görülüb.