Pambığın bahalaşması bu məhsulların qiymətini artıracaq.
Kommersant.az xəbər verir ki, ABŞ-ın “pambıq mərkəzi” hesab olunan Texas 2022-ci ildə tarixin ən pis quraqlığını yaşadığından uşaq bezindən tutmuş cunaya kimi bütün məhsulların qiymətləri bahalaşıb. Qərbi Texasdakı vəziyyət bütün dünyada kəpənək effektinə çevrilə bilər. İqtisadçılar pambıq yığımında baş verən çöküşün təsirinin Amerikadan kənara - bütün dünyadakı mağazalara da çatacağını iddia edib.
Bəs bu artım Azərbaycanda pambıqdan istehsal olunan məhsulların qiymətinə necə təsir edəcək?
Məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə etdik:
Natiq Cəfərli bildirib ki, ABŞ dünyanın ən böyük pambıq istehsalçılarından biridir. Bu ölkədə hər il 50 milyon tona yaxın yaxın pambıq istehsal olunur. İstehsalda problemlər yaşanması digər ölkələrdə də qiymətlərə təsir edəcək amilə çevrilə bilər.
Qiymət artımının Azərbaycana da təsirindən danışan iqtisadçı qeyd edib ki, bunun ölkəmizə müsbət təsirləri də ola bilər:
"Çünki Azərbaycanda hər il təxminən 250 min tona yaxın pambıq istehsal edilir. Pambığın qiymətinin qalxması pambıq lifinin və xammalın ixrac qiymətlərinə də müsbət təsir göstərə bilər. Bu isə təbii ki, pambıqdan gələn gəlirləri artıracaq".
Natiq Cəfərli bildrib ki, ölkədə pambıq əkini olsa da, istehsal zəncirinin olmaması təəssüfləndirici haldır:
“Biz pambığı göndəririk, əvəzində pambıqdan hazırlanan tekstil məhsulları alırıq. İstehsal zənciri qurulsa, yəni pambığın özündən son məhsul istehsalına qədər bir şəbəkə yaradılsa, ölkə böyük xeyir götürər".
Onun sözlərinə görə, tekstil məmulatlarının idxalı böyük olduğunda, pambığın dünyadakı qiymət artımı Azərbaycana da bumeranq kimi geri dönəcək:
"İstehsalında pambıq istifadə olunan bütün məhsulların qiymətində artım müşahidə oluna bilər”.
Bu qiymət artımının bazarlara nə vaxt təsir edə biləcəyindən danışan ekspert bildirib ki, bahalaşma artıq yay aylarında özünü biruzə verəcək:
“Çünki xammal kimi pambığı keçən il alıb ondan iplik parçalar hazırlayan şirkətlər artıq öz hazırlıqlarını 6-7 ay qabaqcadan görürlər. Pambığın bahalaşan qiymətləri yay aylarına yaxın bazara daha çox təsir etməyə başlayacaq”.
Qeyd edək ki, ötən il Azərbaycanda sahələrdən 322300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib. Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib.