İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda çıxış edib. O, konfransda Türkiyənin onlayın platforması sayılan "Trendyol"u ittiham edib: "Trendyol”un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər”. Əgər ölkədə belə bir qadağa tətbiq edilərsə, bu həm də istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilərmi?
Kommersant.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələni şərh edib. Eyyub Hüseynov bildirib ki, "Trendyol" şirkəti onlayn çatdırılma ilə bağlı bazarda böyük paya malikdir:
"Görünür istehlakçı hüquqlarını qoruyan dövlət orqanı onun fəaliyyətini məhdudlaşdlırmaqla digər daşıyıcılara şərait yaratmaq istəyir. Düşünürəm ki, bu doğru mövqe deyil. Hökumət orqanlarının özünün adminstrativ inzibati alətlərdən istifadə edib, şirkətin fəaliyyətini dayandırması düzgün deyil”.
Eyyub Hüseynov qeyd edib ki, bu istehlakçıların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər:
“Hökumətin vəzifəsi odur ki, bazara yeni oyunçular daxil olmasına şərait yaratsın, daha rahat və azad rəqabət şəraiti olsun, biznes qurumları da, istehlakçılar da bundan yararlansın. İstehlakçıların seçim hüququ daha çox olsun. Alternativ həll yolu kimi "Trendyol"a rəqib olan digər şirkətlər üçün müəyyən gömrük rüsumlarının azaldılmasını təklif edirəm. Bu zaman həm istehlakçılar yararlanacaq, həm də "Trendyol"a iqtisadi üsullarla təsir edilmədən şirkətin payı özündən asılı olmayaraq istehsalçının sifarişi əsasında azalacaq. Belə olan təqdirdə başqa daşıyıcılar bundan yararlanacaq".
Qeyd edək ki, bir qədər əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı məlumat yayıb. Məlumatda deyilir:
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər".