USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Metropoliten ancaq qiymət artımı ilə bağlı çalışa bilir” - Natiq Cəfərli

27.02.2023 İqtisadiyyat
21 3
“Ümumiyyətlə Bakı Metropolitenində daşınma, əməliyyat xərcləri və bir sərnişinin gediş haqqının hesablanması ilə bağlı ciddi problemlər var”

"Kommersant.az" xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Bakı Metropolteninin dövlətdən dotasiya almasının səbəblərindən danışıb.

Ekspertin sözlərinə görə, israrla tələblərə, ictimai çıxışlara baxmayaraq, Metropoliten rəhbərliyi bu günə qədər xərclərin hansı parametrlərlə, necə hesablanması barədə heç bir açıqlama verməyib:

"Onlar bu gün də bir sərnişinin daşınmasının neçəyə başa gəldiyini demirlər. Buna görə də konkret fikir söyləmək çətindir”.

Natiq Cəfərli bildirib ki, Metropoliten bir sərnişinin daşınmasının maya dəyərinin 55, pandemiya zamanı hətta 90 qəpik kimi göstərirdi:

"Onlar əvvəlcə bu qiyməti necə hesabladıqlarını açıqlamalıdırlar. Bundan sonra xərclərin azaldılması və optimallaşdırılması, Metropolitenin gəlirlə işləməsi ilə bağlı hansısa fikir söyləmək olar. Yəni əsas problem xərclərin gizli saxlanılmasıdır. Onlar normal açıqlama versə, biz də mütəxəssis olaraq normal şəkildə hesablayıb, nəyin doğru, nəyin yalnış edildiyini, xərclərin necə azaldılmalı olduğunu söyləyə bilərik. Çünki xərclərin azaldılması yolu ilə də rentabellik çalışmaq mümkündür. Metropoliten ancaq qiymət artımı ilə rentabellik çalışmağın mümkünlüyündən danışır. Bu yalnış siyasətdir".

Qeyd edək ki, Bakı Metropoliteni 2022-ci il ərzində ümumilikdə 208 milyon 696 min 44 sərnişin daşınıb. Bunun 202 milyon 499 min 638 nəfəri ödənişli sərnişinlər olub. İl ərzində orta hesabla gündəlik sərnişindaşıma 571 min 770 nəfər təşkil edib. Bununla pandemiya dövründə son 3 ilin ən yüksək göstəricilərinə çatsa da, metro tarixinin ən çox sərnişin daşınan ilindən, 2019-dan (236 milyon 681 min 650) aşağı olub.