USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İxrac icmalının fevral sayı təqdim olunub

28.02.2023 İqtisadiyyat
8 9
“İxrac icmalı”nın fevral sayına əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb. 2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin yanvar ayı ərzində kimya sənayesi məhsullarının ixracı 11,3%, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94%-i təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

2023-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (106,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası (68,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (24,5 milyon ABŞ dolları) üçüncü olub.

2023-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (72,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (15,5 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,8 milyon ABŞ dolları) üçüncü olub.

2023-cü ilin fevral ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 13,6 milyon ABŞ dolları olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Almeyvə” MMC, “Rose Servis” MMC, “Best Logistik” MMC, “Baku Steel Company” QSC, “Mors Trading” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Şəki Şərab” MMC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC, “Azəri M-İ Drilling Fluids” MMC, “Səngəcal Elektrik Stansiyası” MMC.

2023-cü ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 37 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizini təşkil edib.

2023-cü ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 408,7 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 359,2 min ABŞ dolları ilə Lüksemburq, 270,2 min ABŞ dolları ilə Fransa, 146 min ABŞ dolları ilə BƏƏ, 87,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2023-cü ilin yanvar ayında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 171,5 milyon manat təşkil edib.