USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İnkasasiya xidməti Azərbaycanda icazə verilən fəaliyyət növü deyil" - Ekspert marketdəki hücumdan danışdı

06.03.2023 İqtisadiyyat
20 4
"İnkasasiya dedikdə birinci onu qeyd etmək lazımdır ki, Azərbaycanda inkasasiya xidmətinin özü lisenziyalaşdırılan və ya icazə verilən faliyyət növünə aid deyil”.

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Əkrəm Həsənov bankların inkasasiyanı aparmaq qaydalarından danışarkən deyib:

“Bu fəaliyyət ilə prinsipcə kim istəyirsə məşğul ola bilər, lakin silahdan istifadə etmək üçün xüsusi icazə almalıdır”.

Ekspert qeyd edib ki, burada əsas məsələ bank olmayan kredit təşkilatları və poçtlarla bağlıdır:

“Çünki onlar öz pullarını daşımırlar. Poçt haqqında qanuna görə poçtlar inkasasiya xidməti göstərə bilər, bu zaman o müvafiq silahla da təchiz olunur”.

Banklar və bank olmayan kredit təşkilatların inkasasiya xidmətindən danışan ekspert qeyd edib ki, bu məsələ Mərkəzi Bankın 2021-ci ildə təsdiq etdiyi “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanılması” inkasasiya qaydası ilə tənzimlənir:

“Həmin qaydanın 12-ci bölməsi bütünlükdə qiymətlilərin, o cümlədən pulun inkasasiyasına həsr olunub. Bu qaydaya görə, banklar inkasasiya xidməti yaradırlar, yaxud digər bankın inkasasiya xidmətindən istifadə edə bilərlər. Bunun üçün müqavilə bağlamalıdırlar. Bank olmayan kredit təşkilatları 20.000 manata qədər olan vəsaiti özləri də daşıya bilər, bu məbləğdən yuxarı qiymətlilərin inkasasiyası ilə bağlı isə bank olmayan kredit təşkilatları bankların inkasasiya xidmətindən istifadə etməlidirlər. Bu inkasatorlarda isə bütün təhlükəsizlik qaydasını təmin etmək üçün silah və sursatla təmin olunur. Onların zirehli nəqliyyat vasitələri, gödəkçələri ola bilər”.

Məlum hadisədən sonra inkasatorla bağlı təhlükəsizlik qaydalarının sərtləşdirilməsindən danışan ekspert qeyd edib ki, baş verən olayndan sonra bu mümkündür:

“Amma mən elə də ciddi dəyişiklik gözləmirəm. Prinsipcə, bizdə belə bir hadisə ilk dəfə oldu, lakin bütün dünyada tez-tez baş verən hadisədir. Pul olan yerdə təəssüf ki, belə cinayətlər olur. Onu da nəzərə almaq lazımdır ki, siz nə qədər təhlükəsizliyi artırsanız, kimsə bunu etmək istəyirsə, edəcək".

Əkrəm Həsənov bu məsələdə əsas işin hüquq-mühafizə orqanlarının üzərinə düşdüyünü deyib:

“Hüquq mühafizə orqanları bu cinayətlərin üstünü dərhal açmalıdır. Belə olan halda bu cinayətlər olmayacaq. Bu daha vacibdir. Çünki siz nə qədər təhlükəsizlik tədbiri görsəniz də, bu hadisə ilə qarşılaşa bilməlisiniz. Mən bunu cinayət hadisəsi kimi görmürəm, yəni sadəcə gəldilər, pulu oğurlamaq istədilər. Onların da silahı da var idi. Biz videodan da gördük ki, bu tam gözlənilməz anda baş verdi. Ola bilər ki, desinlər təhlükəsizlik daha güclənməlidir, inkasatorların sayı artırılmalıdır. Amma unutmaq olmaz ki, bu da bankların xərclərini artıra bilər. Əgər doğurdan da bu bir xeyir edəcəksə, olsa bilsin bu yola gedilsin. Bu sahədə olan təcrübəyə baxmaq lazımdır”.

Qeyd edək ki, martın 4-də Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində inkassatorun maşınına hücum edilib. Hadisə nnəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.