Bir həftəlik bayram tətilindən sonra yeni iş həftəsinin başlaması ilə Bakı yolları əvvəlki vəziyyətinə qayıdıb. Şəhərdaxili, xüsusilə, Bakı ətrafı ərazilərdən mərkəzə gələn yollarda tıxaclar yaranıb. Bu problem tək bu günə aid deyil. Az qala hər gün Bakı yollarında bu problemlərlə qarşılaşırıq. Bəs problemin həlli yolu nə olar, bu istiqamətdə hansı işlər görülə bilər?
Bayramdan sonra yenidən tıxac dərdi - Çıxış yolu varmı?
Kommersant.az məsələni nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovla müzakirə edib. Ekspert qeyd edib ki, Bakı və şəhərətrafı ərazilərdə sərnişindaşımada problem həll edilmədikcə, paytaxtın girişində tıxaclar davam edəcək:
“Bu problemləri həll etmək üçün sərnişindaşımada səliqə-səhman yaradılmalıdır. İctimai nəqliyyatın vəziyyəti yaxşı olmadığına görə vətəndaşlar fərdi avtomobil və taksilərdən istifadə edirlər. Əlbəttə, belə olan halda tıxaclarda yaranır”.
Eldəniz Cəfərov əlavə edib ki, tıxacların yaranmasında bəzi məsuliyyətsiz sürücülərin də rolu var:
“Məsələn, əksər hallarda qaydalara əməl olunmur. Kim harda istəyir avtomobil saxlayır. Bəs bu problemin həlli nə ola bilər? Bir çox alternativ yollar var. Bu problemi həll etmək üçün şəhər ətrafında taksi vağzallarının yaradılması müvafiq addım ola bilər. Bakıdan digər şəhər və rayonlara hərəkət edən taksilər şəhərə daxil olmadan həmin taksi vağzallarında dayanmaqla tıxacları azaldar".
Ekspert daha bir alternativ təklif kimi relsli nəqliyyat vasitələrinin Bakı ətrafında çəkilməsini də qeyd edib:
“Hazırda mərkəzdən Xocahəsənə qədər çəkilən metro xəttinin Xırdalana qədər, daha sonra Sumqayıta qədər uzadılması məqbul addım olardı. Bundan əlavə Bakı-Şamaxı yoluna paralel olaraq daha bir sürət qatarının çəkilməsi də çox effekt verə bilər. Məsələn, Sumqayıta 28 mayda yerləşən dəmiryolu vağzalından deyil, "Şamaxinka" deyilən ərazidən, Bakı-Şamaxı yoluna paralel qatar xəttinin çəkilməsi mümkündür. Bu zaman şəhərə daxil olan və şəhərdən çıxan avtomobillərin sayı azalar, sıxlıq aradan qaldırılar. Sıxlıq aradan qaldırılırsa, avtomatik olaraq tıxac da ləğv olunar".