“Əvvəla onu deyim ki, dollar, digər kağız pullar daim ucuzlaşır. Yəni, bu sonu görünməyən yol və prosesdir”.
Kommersant.az xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov son bir neçə gündə qızılın bahalaşmasının dolların sürətlə ucuzlaşmasına səbəb olacağı ilə bağlı yayılan iddiaları şərh edərkən deyib.
Əkrəm Həsənov bildirib ki, kağız pulların ölçü vahidi qızıldır:
“Qızıl ən dəyərli və etibarlı aktivdir, həmişə də belə olub. Son 50 ildə, yəni 70-ci illərin əvvəlində qızılın bir unsiyası (təxminnən 31 qramdan çox) qiyməti 38 dollar idi. B gün unsiyanın qiyməti 2000 dollara yaxındır. Bu da 50 il ərzində dolların ucuzlaşması deməkdir. Bu daimi prosesdir və həmişə davam edir. Dollar qızıla nisbətdə həmişə etibarsızdır, lakin dünyadakı bütün kağız valyutalara nisbətdə daha etibarlıdır. Çünki ABŞ-ın iqtisadi, siyasi və hərbi qüdrətinə bağlıdır. Məsələ ancaq bundadır”.
Ekspertin fikrincə, kağız pullar ona görə ucuzlaşır ki, onların miqdarı artır:
“Daim inflyasiya gedir, dövlətlər pulları çox çap etməli olur. Buna görə də onlar artır. Təbiii ki, ABŞ-da hər hansı bir problem yarananda insanlar qorxmağa başlayır və dollar ucuzlaşar. Əlbəttə, dollar qismən düşə və qalxa bilər. Amma düşünürəm ki, ABŞ yaxın beş ildə dünyanın bir nömrəli dövləti olaraq qalacaq və dollar digər kağız pullara nisbətdə qiymətdən düşməyəcək. Bütün bu məsələlərin fonunda insanlar qızılı da seçə bilərlər".
"Bəs niyə qızılı seçmirlər" sualına cavab olaraq Əkrəm Həsənov bildirib ki, birincisi qızılı saxlamaq çətindir:
"Sabah gedib nəsə almaq istəsən, qızıla yox, bunu pulla etməlisən. Buna görə də qızılı pula çevirmək lazımdır. Digər tərəfindən də bu problem zəngin insanların problemidir. Hansının ki, heç olmasa 300-400 min pulu var. Azərbaycanda belə varlı insanlar çox olmadığı üçün bizi narahat etməməlidir. Hər bir halda dollar Azərbaycan manatına nisbətdə sabitdir, yaxın dövrdə də sabit qalacaq. Hamı əmin olsun ki, manat bahalaşmayacaq, buna görə dollarları dəyişməsinlər. Ancaq pulu çox olanlar bir hissəsini qızılda saxlaya bilər”.