Avropa İttifaqı (Aİ) qurumları iqlim dəyişikliyi ilə mübarizə və Rusiyanın qalıq yanacaqlarından asılılığa son qoymaq planlarının bir hissəsi olaraq bərpa olunan enerjidən istifadə hədəflərini artırmağa razılaşıb.
Avropa Şurası üzv ölkələrlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda bərpa olunan enerjinin tənzimlənməsi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Müvafiq olaraq, külək və günəş kimi müxtəlif bərpa olunan mənbələrin Aİ-nin ümumi enerji istehlakında payı 2030-cu ilə qədər 42,5 faizə çatdırılacaq. Bu hədəfi 45 faizə çatdırmaq da mümkündür. Hazırda Aİ-nin 2030-cu il üçün bərpa olunan enerji hədəfi 32 faiz təşkil edib. Müqavilə ilə bu faiz artırılıb. Son məlumatlara görə, Aİ ölkələrinin ümumi enerji istehlakında bərpa olunan mənbələrin payı 22 faiz təşkil edir.
Bundan əlavə, Aİ-nin bütün üzv ölkələri ümumi bərpa olunan enerji hədəfinə töhfə verəcəklər. Nəqliyyat, sənaye, binalar və istilik üçün də hədəflər müəyyən ediləcək.
Aİ ölkələri nəqliyyat sektorunda istifadə edilən ümumi enerjidə bərpa olunan enerjinin payını 29 faizə çatdıracaq. Sənaye bərpa olunan enerjidən istifadəni hər il 1,6 faiz artıracaq.
2030-cu ilə qədər sənayedə istifadə edilən hidrogenin 42 faizi, 2035-ci ilə qədər isə 60 faizi qeyri-bioloji bərpa olunan yanacaqlardan gələcək. Qərar çərçivəsində binaların enerji istifadəsi üçün bərpa olunan enerji hədəfləri tətbiq ediləcək.
Bərpa olunan enerji layihələrində icazə prosesləri sürətləndiriləcək.
Sözügedən reqlament AP və üzv dövlətlər tərəfindən rəsmi təsdiq edildikdən sonra qüvvəyə minəcək.