Bu gün bazarlarda yerli istehsal olan kartofa az rast gəlinir və ya bazara çıxarılan yerli kartofun qiyməti baha olur. Alıcılar bundan şikayət etsə də, fermerlər də vəziyyətdən narazılıq edir.
Hətta kartof əkini ilə məşğul olan fermerlər bu il bu məhsul əkməkdən imtina etdiklərini, buna səbəb kimi əvvəlki məhsuldarlığın olmadığını, aldıqları toxumun çox hissəsinin xarab çıxdığını, məhsul yığmı zamanı gözlənilən qədər yığım olmamasını və ziyana düşdüklərini göstərirlər.
Kommersant.az məsələni kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovla müzakirə edib.
Ekspert bildirib ki, məhsuldarlığın aşağı düşməsinin bir neçə səbəbi var:
“Birinci səbəb odur ki, Azərbaycan özü keyfiyyətli toxum istehsal etmir. Əgər biz toxum istehsal etmiriksə, digər ölkələrdən qida istifadəsi üçün nəzərdə tutulmuş kartofu gətirib ondan toxum kimi istifadə ediriksə, əlbəttə bu məhsuldarlığa təsir edir, aşağı salır. Hətta bu toxumları gətirərkən müəyyən xəstəliklər var ki, o xəstəliklərə, zərərvericilərə, torpağa, iqlim şəraitinə dözümlülüyü nəzərə alınır”.
Vahid Məhərrəmov qeyd edib ki, bu sahədə seleksiya, genetika ilə ciddi məşğul olmaq lazımdır:
“Seleksiya, genetika işi elədir ki, bu kimi vacib amillər nəzərə alınır. Məqsəd də odur ki, əldə olunan toxumdan daha çox məhsul götürülsün, məhsuldarlıq yüksək olsun. Bu amillərə bitki dözümlü olsun".
Ekspert fermerlərin də bu məsələdə üzərinə bəzi vəzifələrin düşdüyünü bidirib:
“Təəssüflər olsun ki, fermerlər hər il eyni yerdə eyni bitkinin əkilib-becərilməsi ilə məşğul olurlar. Bu da yol verilməzdir. Növbəli əkin sistemi mütləq yaradılmalıdır. Bir çox amillər var ki, bunlar məhsuldarlığın aşağı düşməsinə təsir edir”.
Vahid Məhərrəmov digər səbəb kimi iqlim dəyişikliyini göstərib:
“Elə Gədəbəydən danışaq. Əvvəlki kimi Gədəbəydə suvarma olmadan hər hansı bir məhsulu yetişdirmək mümkün deyil. Kartof isə suya tələbatı olan bitkidir. Buna görə də fermerlər mütləq nəzərə almalıdır ki, hansı yerə su çatdırmaq mümkündürsə, o sahələrdə kartof əkini həyata keçirilsin. Onlar ümid edirlər ki, yağış yağacaq, amma əvvəlki kimi yağışlar da yağmır”.
Vahid Məhərrəmov onu da əlavə edib ki, bu məsələnin həllində hökumətin üzərinə düşən müəyyən vəzifələr var:
"Hökumət nəzərə almalıdır ki, indi qlobal istiləşmə gedir və bu Azərbaycanda özünü çox kəskin şəkildə göstərir. Su çatışmazlığı var. Və buna uyğun mütəxəssislər araşıdrmalar aparmalı, bu problemlərlə bağlı sənədləşdirmə aparmalıdırlar. Müəyyən etməlidirlər ki, hansı rayonda fermerləri suvarma suyu ilə təmin etsinlər”.