“Bu ilin 3 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin Araşdırılması şöbəsinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 3 442 müraciət daxil olub. Bunlardan 1 601 müraciət “Opentext” proqramı vasitəsilə, 1 841 müraciət isə elektron formada olub. “Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 3 ayı ilə müqayisədə 107 müraciət az təşkil edir”.
Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin Araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev məlumat verib.
Onun sözlərinə görə, edilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, sayğac quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub:
“Şöbənin mühəndisləri tərəfindən 2023-cü ilin 3 ayı ərzində ümumilikdə 1 692 müraciət ətraflı araşdırılaraq icrası “Opentext” proqramı vasitəsilə təmin olunub. Bunlardan 281 şikayət ərizəsi 2022-ci ilin dekabr ayında daxil olub. Hazırda 190 müraciət şöbənin icraatındadır”./Demokrat.az