“Tikinti ilə bağlı sadələşdirmə tətbiq etmək çox yaxşıdır, amma daha vacib məsələ çıxarışsız fərdi həyət evlərinin çıxarışla təmin olunmasıdır. Bu məsələ sürətlənməlidir".
Kommersant.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Milli Məclisin tikinti qaydalarının sadələşdirilməsi ilə bağlı qəbul etdiyi qanun layihəsini şərh edərkən bildirib.
Elnur Fərzəliyev bildirib ki, tikinti qaydalarında sənədləşdirmənin sadələşdirilməsi əmlak bazarına öz təsirini göstərəcək:
“Torpaq sahəsi alıb ev tikən şəxslərin sayı artacaq. Amma burada başqa bir məsələ var. Fərdi həyət evlərinin tikintisi ilə bağlı qaydalara baxsaq, görərik ki, proses sadədir. Lakin hər hansı bir torpaq sahəsi üzrə fərdi həyət evi və ya hansısa qeyri-yaşayış obyektinin rəsmi formada tikilməsi üçün həmin torpaq sahəsinin çıxarışı və ya icarə müqaviləsi lazımdır bilinsin ki, həmin şəxsin özəl mülkiyyətidir. Bundan sonra özəl mülkiyyət üzərində tikinti normativlərinə uyğun layihə çəkilir, aidiyyatı dövlət qurumuna təqdim olunur. Əgər orda hər hansısa bir çatışmazlıq varsa, irad olaraq bildirilir ki, bu çatışmazlıq aradan qaldırılsın”.
Ekspert bildirb ki, hazırda xüsusən Bakı şəhərində əsas problem çıxarışlı özəl torpaq sahələrinin sayının məhdud olmasıdır:
“Yəni bu gün paytaxt ərazisində, Bakı və Abşeronda 500 minə yaxın çıxarış ala bilməyən fərdi həyət evləri var. Bu evlərin torpaqları daha çox bələdiyyə və digər hər hansısa bir qrumun sərəncam əsasında verdiyi torpaqdır ki, vətəndaşlar onu özəlləşdirə bilmirlər”.
Elnur Fərzəliyevin sözlərinə görə, torpaqların təyinatında problem var:
“Əksər ərazilər kənd təsərrüfatı təyinatlı torpaqları olub, amma onun üzərində evlər tikərək yaşayırlar. Əkin-biçin üçün yararalı olan torpaq sahələrində böyük massivlər, qəsəbələr salınıb. Buna görə də həmin torpaqların öncə təyinatı dəyişib, yaşayış məntəqələrinə çevrilməlidir ki, bu torpaqlar çıxarışla təmin olunsun. Vətəndaşlar bu evlərə çıxarış ala bilsinlər ki, buradan dövlət yararlansın”.
Ekspert qeyd edib ki, əgər ərazidə çıxarış varsa, fərdi həyət evləri olan ərazidirsə, onlar bələdiyyə vergisinə cəlb olunaraq iki cür - torpaq və əmlak vergisi ödəyəcək:
"Bu çıxarışın olmaması səbəbindən dövlət bu sahədən gəlir götürə bilmir. Vergilərdən gəlir götürmür, bələdiyyə büdcə formalaşdırmaqda çətinlik çəkir. Həmin əmlakların çıxarışı olmadığı üçün alqı-satqı notarial olmur. Satılan zaman dövlətə verilən vergidən də kənar qalır, sığortalanmır. Vətəndaş əmlakı bağışlaya, ipoteka predmetinə çevrilə bilmir. Düşünürəm ki, sadələşdirmə ilə bərabər çıxarışsız əmlakların da çıxarışla təmin olunmasına təkan vermək lazımdır”.