Dünya təcrübəsində ölkəyə daxil olan məhsullara tətbiq olunan gömrük rüsumları ilə bağlı belə bir fakt var ki, daxildə o məhsuldan istehsal olunursa, bu zaman eyni adda ölkəyə daxil olan məhsulların gömrük rüsumları çox olur. Yəni bu ona xidmət edir ki, həmin məhsul ölkədə istehsal olunduğu üçün xaricdən gətirilməsi azalsın, yerli istehsal daha da inkişaf etsin. Lakin Azərbaycanda bir çox məhsulların yerli istehsalı yoxdur, buna baxmayaraq, onların gömrük rüsumları həddindən artıq yüksəkdir.
Kommersant.az məsələni iqtisadçı Eldəniz Əmirovla müzakirə edib.
Ekspert bildirib ki, idxal etdiyimiz məhsullara tətbiq olunan rüsumlarla bağlı vəziyyətə bir qədər fərqli yanaşmaq lazımdır. Çünki bu rüsumlar alıcılıq qabiliyyəti aşağı olan insanlar üçün ciddi problemlər yaradır:
"Xüsusən da dərman vasitələrində bu özünü qabarıq şəkildə büruzə verir. Biz dərman istehsal edə bilmirik. Yəni, istehsal etmirik yox, istehsal edə bilmirik. Əgər istehsal edə bilmiriksə, mütləq şəkildə rüsumlarda müyyən azalmaların olmasına ehtiyac var”.
Eldəniz Əmirov qeyd edib ki, bütün məhsullara aid olmasa da, heç olmasa strateji hesab olunan, xüsusən də sosial faktorları özündə cəmləyən məhsullara, o cümlədən də dərman vasitələrinə fərqli yanaşma olmalıdır.