Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Kral Salman bin Əbdüləzizin sədrliyi ilə keçirilən kabinet iclasında bir sıra qərarlar qəbul edilib.
Kommersant.az xəbər verir ki, bu çərçivədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında təmiz hidrogen enerjisi sahəsində əməkdaşlıq və iki ölkənin vergi idarələri arasında imzalanmış anlaşma memorandumu təsdiq edilib.
Səudiyyə Ərəbistanı kralı Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinə ölkəsi ilə Çin arasında kənd təsərrüfatı sahəsində anlaşma memorandumunun imzalanması ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verib.
Kral Salman həmçinin Energetika Nazirliyinə ölkəsi ilə Türkiyə arasında enerji sahəsində anlaşma memorandumunun imzalanması üçün danışıqlar aparmaq səlahiyyəti verib.
Görüşdə Səudiyyə Ərəbistanı ilə İranın 7 ildən sonra diplomatik əlaqələri bərpa etmə qərarı ilə bağlı inkişaflar və iki ölkə arasında diplomatik nümayəndəliklərin yenidən açılması ilə bağlı razılaşmalar müzakirə edilib.