“Bu statistika yalnız bir alətdən istifadə edilməklə, iş elanları vasitəsi ilə bu müəyyən edilib. Onlar iddialı deyil ki, bütün əmək bazarının ehtiyaclarını obyektiv olaraq bu göstərici ilə müəyyən etmək olar”.
Kommersant.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov ölkənin əmək bazarında 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədərki dövrə aid 25 min iş elanın açıqlanan nəticələrini şərh edərkən deyib.
Ekspert qeyd edib ki, bu göstərici iş elanları vasitəsi ilə müəyyənləşib:
“Burada göstərən kriteriya ilə bağlı çox ehtiyac olunan işlərdir, görünür bununla bağlı əmək bazarının, xüsusilə ticarət sektorunun ehtiyacı var. Onlar bu işçini elanlar vasitəsi ilə axtarırlar. Amma hər elanda obyektiv elan olmur. İçərisində saxta elanlar olur.
Məsələn, elə fəhlə peşələri var ki, heç iş elanı da vermirlər, işçini başqa yolla axtarırlar. Tutaq ki, ixtisaslı fəhlə peşəsidir, onu elan ilə tapmaq olmur”.
Sahib Məmmədov qeyd edib ki, bu meyarlar başqa vasitə ilə də müəyyənləşir.
“Əmək birjaları vasitəsi, işə düzəltmə büroları vasitəsi ilə çox insan iş axtarır, işə düzəlir. Bunları birgə araşdıranda müəyyən etmək olar ki, ölkədə hansı peşələrə ehtiyac var”.
Bu gün gənclərin də seçdiyi ixtisaslar elə məhz bu sahələrdir, bu tendensiya nədən irəli gəlir sualına Sahib Məmmədova cavab olaraq bildirib ki, çünki informasiya texnologiyalarına ehtiyac qlobal səviyyədə artım dinamikasına malikdir:
“Elə ixtisaslar var ki, onlara ehtiyac azalır, onlar bir vaxt itib gedəcək. Amma informasiya texnologiyalarında yüksəliş var. Ona görə də Azərbaycanda da bu tendensiya davam edir. Bu sahəyə meyl çoxalır və iş elanlarının içərisində də bunların çoxluq təşkil etməsi təbiidir. Marketinq, reklam, daşınmaz əmlakın üzərində hüquqların həyata keçirilməsi ilə bağlı olan peşələr və s bunlara zəif dinamika ilə də olsa, bazarda ehtiyac artmaqdadır”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya növbəti dəfə mövcud əmək bazarında ən çox tələb olunan peşə sahələrinin müəyyən olunması üzrə araşdırma aparıb.
Bunun üçün ölkənin əmək bazarında 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədərki dövrə aid 25 min iş elanı toplanılaraq təhlil edilib. Müəyyən olunub ki, əmək bazarında 17,5% göstərici ilə maliyyə-mühasibatlıq üzrə peşə sahiblərinə tələbat liderlik edir.
Digər dördlükdə marketinq və satış (13,9%), İKT və dizayn (10,3%), pərakəndə ticarət (9,1%) və təchizat-logistika (6,2%) üzrə iş elanları yer alır.