“Bir şəxsin şəxsi istəyi ilə bu işlərin aparılması mümkün deyil. Hökumət də bu layihə üçün o qədər pul ayıra, həyata keçirə bilməz. Layihənin həyata keçirilməsi yalnız özəl şirkətlərin üzərində qalır”.
Kommersant.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin köhnə binalarla bağlı səsləndirdiyi fikirləri şərh edərkən əmlak məsələləri üzrə ekspert Elnur Əsədov deyib.
Ekspert qeyd edib ki, dövlətin və özəl sektorun bu layihəni icra etməyə imkanı yoxdur. Buna görə də tikinti şirkətləri üçün şərait yaradılmalıdır ki, onlar bu işdə maraqlı olsunlar:
“2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə pilot layihələr başladı, təxminən 100-dən çox bina inşa ediləndən sonra proses dayandı. 2017-cil ildə tikinti sektorunda canlanma baş verdi. 2018-ci ildə isə pilot layihələr dayandırıldı. Nəzarət yenidən Arxitektura Komitəsinə verildi. Onlar da elə normativlər tətbiq etdi ki, tikinti şirkətləri yeni binalar tikməyə maraqlı olmadı”.
Elnur Əsədov əlavə edib ki, yeni inşaat normativləri tikinti şirkətlərinin marağına uyğun deyil:
"Bu normativlərdə məhdudiyyətlər çox olduğu üçün tikinti şirkətləri inkişaf edə bilmir. Elə normativlər tətbiq edildi ki, tikinti şirkətləri yeni binalar tikməyə maraqlı olmadı. Buna görə də qiymətləri də qaldırdılar. Yəni əvvəllər bir hektar ərazidə 1000 kvadratmetr tikirdilərsə, indi 28000 kvadratmetr tikirlər".
Ekspert qeyd edir ki, bu məsələnin fikir olaraq səsləndirilməsi çox doğrudur:
"Məsələn, bir neçə il əvvəl birinci mikrorayon Nazirlər Kabinetininn qərarı ilə yaşamaq üçün tam təhlükəli elan edilmişdi. Lakin 5-6 il keçib, hələ heç bir iş görülməyib. O ki qaldı böyük bir şəhəri yenidən qurmağa. Sovet dövründə, 60-cı illərdə Bakı və böyük şəhərlərdə aktiv inşaat başladı. Mövcud Bakının 30 faizi inşa olundu. Lakin bizim ölkədə son 22 il ərzində cəmi 1500-ə yaxın yeni tikilmiş bina inşa olunub. Bəlkə də yüz il lazımdır ki, özəl sektor bu qədər köhnəlmiş bina fondunu yeniləsin. Dövlətin bunun üçün heç bir resursu yoxdur. Özəl sektorda isə 100-150 şirkət var. Onlar da yaşayış fondunu nə vaxta təzələyə bilər? Bütün tikinti şirkətlərin də buna imkanı yoxdur. Bu çox utopik bir fikirdir, lakin həyata keçməsi hava-su kimi lazımdır. Getdikcə də hazırki yaşayış fondu təhlükə mənbəyinə çevrilir”.
Qeyd edək ki, Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında "Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeniləri tikiləcək” deyib.