"Bu quyulardan istifadə daxili bazarı üçün hesablanıb. Çünki Türkiyə dünya səviyyəsində sənayə ölkəsidir. Türkiyə əsas nə istehsal edirsə, xarici bazara hesablayır. Bunu mövcud vəziyyətdə saxlamaq və inkişaf elətdirmək üçün enerji lazımdır. Ona görə də hətta bir kub metr qaz belə Türkiyənin qazancı hesab olunur".
Bunu Kommersant.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Türkiyənin Qara dənizdə aşkar etdiyi qaz yataqlarından istifadəsini şərh edərkən deyib.
Ekspert qeyd edib ki, onilliyin sonunda Türkiyə özünün qaza olan ehtiyacının təxminən 30 faizini yerli qaz istehsalı hesabına təmin etmək istəyir:
“Bu gün axşam Türkiyə Qara dənizdə üç quyunu işə salacaq. May ayında 5 quyu, sentyabra qədər isə 10 quyuda hasilat planlaşdırılır. Orta hesabla hər quyudan bir milyon kubmetr gündəlik hasilat gözlənilir. Belə olan halda faktiki olaraq bu il üçün bir milyard kubmetrdən bir qədər artıq qaz hasil ediləcək. 2024-cü ildə isə hasilat 3.6-3.7 milyon kubmetrə çatacaq. Sonrakı artımı isə 2026-cı ildə gözlənilir. Bu 12 milyard kubmetr ətrafında hasilat olcaq. 2029-cu ildə isə proqnoza görə isə qaz hasilatı 15 milyard kubmetrə çatacaq".
İlham Şaban əlavə olaraq bildirib ki, Türkiyə bu il həm də Atom Elektrik Stansiyasının ilk turbinini işə salmağı planlaşdırır:
“Son 3-4 ildə Türkiyə 55 milyard kubmetrə yaxın qaz idxal edib. Qazın yüksək qiymətləri ilə bağlı istehlak 7 faiz azalmışdı. Lakin yaxın illərdə Türkiyədə qaz idxalının, istehlakının artımını gözləmək doğru deyil. Çünki həm alternativ enerji mənbələrindən istifadə etməklə elektrik enerjisini artırır, həm atom enerjisi, həm də özünün qaz hasilatı artıq gündəmə gəlib. 3-5 milyard qaz hasilatı belə onlar üçün qazancdır. İkinci bir tərəfdən, Türkiyə onilliyin sonuna qədər öz ərazisindən keçən qaz tranzit həcmlərini iki dəfə artırmağı planlaşdırır”.
Ekspert hesab edir ki, Türkiyənin bu onillikdə öz enerji bazarını şaxələndirməsi yönündə atdığı addımlar və əldə etdiyi uğurlar heç bir Avropa və Asiya ölkələrilə müqayisə edilə bilməz. Çünki Türkiyədə qısa zaman kəsiyində çoxşaxəli addım atılıb:
“Türkiyədə hansı siyasi partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, bütün hökumətlərin arzusu enerjidən hər hansısa bir şəkildə yararlanmaq olub. Ancaq indiki dövr qədər heç bir hakimiyyət buna nail olmamışdı. Ona görə də belə deyək ki, Cümhuriyyətin “100+ dövrü” Türkiyə üçün yeni üfüqlər açır”.