Bu gün taksi fəalliyyəti ilə məşğul olan şəxslər istər avtomobil idarə etmədə, istərsə də, müştərilərlə davranışda kobud səhvlərə yol verir. Buna səbəb kimi bu sahədə olan boşluqlar, asanlıqla taksi fəaliyyəti ilə məşğul olmaq və s. göstərilir.
Kommersant.az məsələni nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovla müzakirə edib.
Ekspert bildirib ki, bu sahədəki problemləri özbaşınalıq kimi ifadə etmək olar:
“Bu sahədə taksi xidmətini tənzimləyən qanunlar da, qərar da, reqlament də, qurum da var. Sadəcə bunun tənzimlənməsi, taksi fəaliyyətində xidmət prosesinin yüksəldilməsi həyata keçirilmir. Lakin görünür ki, bu qurumlar öz işinin öhdəsindən layiqincə gəlmirlər və belə hallar baş verir. Nəticədə yük DİN və DYP-nin üstünə düşür. Məsələ artıq təhlükəli həddə çatanda polis işə qarışmalı olur. Lakin polis bu işə qarışana qədər həmin məsələləri tənzimləmək olar”.
Eldəniz Cəfərov bildirib ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti göstərmək hamı üçün sərbəstdir:
"Vergisini ödəyib, qanunlara əməl etməklə hər yerli, həm də xarici şirkətlər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Sadəcə xarici şirkətlər Azərbaycan qanunlarına hörmətsizlik edirlər. Taksi sahəsində reqlamentə də əməl edilmir. Bu səbəbədən də belə problemlər çıxır. Bu gün hətta taksi sahəsində xarici operator şirkətlərlə çalışan şəxslər birbaşa pis əməllərlə məşğuldur. Ona görə də düşünürəm ki, taksi fəaliyyətini tənzimləyən qurumlar bu sahədə ciddi işlər görməlidir”.
Qeyd edək ki, reqlament qaydaları “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən əlavələrdə öz əksini tapıb. Belə ki, qanunun 27-ci maddəsinə təklif edilən əlavəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.