"Cəmiyyəti narahat edən Xəzər dənizinin ekoloji vəziyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün həlli vacib olan məsələdir. Ona görə də Nazirlik təşkilatlara, sahibkarlara, hüquqi və fiziki şəxslərə xəbərdarlıq edir ki, ən qısa müddət ərzində öz fəaliyyətlərini ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan qanunvericiliyə uyğun şəkildə təşkil etsinlər".
"Kommersant" xəbər verir ki, bunu "Report"a açıqlamasında Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, əks halda, "İstehsalat və məişət tullantıları" haqqında qanunun tələblərini pozan, çirkab suları və məişət tullantılarını təmizlənmədən birbaşa Xəzər dənizinə axıdan hər bir cavabdeh şəxs məsuliyyətə cəlb olunacaq, qanunamüvafiq qaydada onlara qarşı ən sərt sanksiyalar tətbiq olunacaq".
U.Tağıyeva əlavə edib ki, Xəzər dənizinin sahil zolağından çirkab suların axıdılaraq su obyektlərinin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə artıq ETSN və Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş 2018-2020-ci illəri əhatə edən birgə tədbirlər planına əsasən, reydlərə başlanılıb: "Xaçmaz rayonunun sahilyanı ərazilərindən başlanılan reydlər Xəzər sahili boyu yerləşən digər ərazillərdə də davam edəcək. Keçirilən reydlərin nəticələri barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq. Xəzərin çirkləndirilməsinin qarşısının alınması istiqamətində Nazirlik mövcud qanunlar çərçivəsində ən sərt və barışmaz mövqe nümayiş etdirəcək".