USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müəllimlərin sertifaktlaşdırılmasında yeni qaydalar - Onlar üçün bu daha vacibdir

04.05.2023 İqtisadiyyat
18 8
“60 və bu yaşdan yuxarı təhsil işçilərinə müəllimlərin sertifikatlaşdırılması prosesində güzəştlərin tətbiqini, onların iştirakının könüllülük əsasında mümkünlüyünü o qədər də effektiv vasitə hesab etmirəm”.

Kommersant.az-a bunu elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Ekspert qeyd edib ki, müəllimlərin qiymətləndirilməsi, sertifikatlaşdırılmada iştirakı bu yaş aralığında olan müəllimlər üçün daha vacibdir:

“Məsələnin tam əksinə olaraq bildirmək istərdim ki, 60 yaşdan yuxarı müəllimlərin sertifikatlaşdırmada iştirakı digərlərinə nisbətdə daha vacib xarakter daşımalıdır. Səbəb çox sadədir: modern təhsil trendləri sürətlə dəyişir, çağdaş dünya təhsilində yeni model və meyarlar tətbiq olunur. Artıq XXI əsrin tədris standartları müəllimlərdən tamam fərqli yanaşma tələb edir. Yaşlı müəllimlərin isə bu yanaşmalarla ayaq uzlaşdırmaları cavanlarla müqayisədə daha çətindir. Məlumdur ki, hazırda yaşı 60-dan yuxarı olan şəxslər sovet dövründə orta və ali təhsil almış, hətta bir müddətlik də olsa çalışmışlar. Hazırda sırf bu istiqamətdə tədqiqat işləri aparmaq lazımdır: həmin müəllimlərin neçə faizi XXI əsrin ən zəruri təhsil modellərini tətbiq edib, müasir forma və texniki bacarıqlardan yararlanırlar? Cavab təbii ki, ürəkaçan olmayacaq. 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyadan keçirilməsi məhz bu səbəbdən daha vacibdir”.

Elmin Nuri bildirib ki,burada daha vacib bir detal var:
“Sadalanan meyarlar üzrə qiymətləndirmələrin daha keyfiyyətli aparılması üçün sertifikatlaşdırma prosesinin sual və tapşırıqları da modern yanaşmalar əsasında qurulmalıdır. Əks halda, bunun heç bir faydası olmayacaqdır”.

E. Nurinin fikrincə, yaşlı müəllimlərə sertifikasiya prosesində edilən güzəştlərin tətbiqinin onların faydalılıq göstəricilərini aşağı salmalarına da səbəb olacağını bildirir:

“Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiya barəsində danışan zaman özlərinin uzun illərin pedaqoqu olduqlarını, bundan sonra imtahandan niyə keçməli olduqlarını dəfələrlə bildirirlər. Burada əsas meyar təbii ki, staj deyil. Hər bir pedaqoji kadr özünü təqaüd yaşına çatana qədər intellektual formada saxlamalı, bilik-bacarıqlarını dövrün tələbləri və təhsil standartları istiqamətində inkişaf etdirməli, lazım gələrsə, yenidən qurmalıdır. Bu gün yaşı 60-62-yə çatan müəllim yenə də sinif otağına daxil olur və dərs saatının məsuliyyətini daşıyır. O zəngin təcrübəsi və sinfi idarəetmə qabiliyyəti ilə yanaşı, çağdaş tədris proqramlarının tələblərinə uyğun şəkildə şagird qarşısına çıxmalıdır. Sertifikatlaşdırma prosesi məhz bu boşluqları yaşlı müəllimlərdə daha çox üzə çıxaracaq”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edilib. Layihələr komitə tərəfindən dəstəklənib və plenar iclasa tövsiyə olunub.
Yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə bilər.

Adıçəkilən komitənin üzvü Vüqar Bayramov müəllimlərin sertifikatlaşıdırılması ilə bağlı bir neçə təklif irəli sürüb.

Deputat sertifikatlaşdırmada diferensial yanaşmanı daha məqsədəuyğun olduğunu və bunun gələcəkdə tətbiqinin vacibliyini vurğulayıb.