Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal iqtisadiyyatın bərpası prosesində proteksionizmə qayıtmaq olmaz.
Kommersant.az xəbər verir ki, BVF-nin idarəedici direktoru Georgieva “Qlobal gərginlik və qıt resurslar” mövzusunda təşkil edilən 2023-cü il Brüssel İqtisadi Forumunda çıxış edib.
Uzun illər artan qlobal inteqrasiyadan sonra son zamanlar rəqib iqtisadi bloklara parçalanma riskinin artdığını izah edən Georgieva bunun hamı üçün pis ssenari olduğuna diqqət çəkib.
Georgieva qlobal iqtisadi artımın orta və uzunmüddətli perspektivdə zəif olduğunu, mərkəzi bankların prioritetinin artım əvəzinə inflyasiyanı nəzarətdə saxlamaq olduğunu xatırladıb.
Georgiyeva bildirib ki, diqqət demoqrafik göstəricilərə və məhsuldarlığa yönəlməsə, gəlir və imkanlar artmayacaq.
"Avropada məhsuldarlığı və imkanları yaxşılaşdırmaq üçün struktur islahatlarına, insanlara, texnologiyaya və innovasiyalara sərmayə qoymaq lazımdır", - deyə Georgiyeva bildirib.