“Bunun üçün ölkədə bir yox bir neçə topdansatış bazar olmalıdır”.
Kommersant.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov fermerlərin bazara çıxardığı məhsulları sata bilməməsindən danışarkən deyib.
Vahid Məhərrəmov qeyd edib ki, bununla bağlı dəfələrlə hökumətə təkliflər verilib:
“Əgər ölkədə bir neçə topdan satış mərkəzi olsa, tədarükçülərin də sayı çox olacaq. Fermerlər indi məcburiyyət qarşısında qalır. Ya gətirib məhsulunu monopolistə verməlidir, yaxud da tez-bazar ucuz qiymətə satıb getməlidir. Çünki bu zaman onun digər xərcləri də yaranır.
Ölkədə bir neçə topdansatış bazarı olsa, bazara məhsul gətirən tədarükçülər özləri gedib fermerlərlə danışıb, müqavilə bağlayıb, topdansatış bazarnda bu məhsulları satacaq”.
Ekspert bildirib ki, burada rəqabət mühiti olmalıdır. Kəndlilər onlara sərf edən qiymətə məhsullarını bazara çıxara bilməlidir:
“Buna görə də fermerlərin əksəriyyəti məhsullarını Bakıya gətirməkdən imtina edir. Bu zaman da görürsən ki, məhsul xarab olur. Bu yalnız çiyələyə aid deyil. Biz hər il görürük ki, Quba-Xaçmaz zonasında alma, armud öz müştərini tapmır, xarab olur, çaya atırlar. Ona görə də Bakı digər iri şəhərlərdə mütləq topdansatış mərkəzlərinin yaradılmasına şərait yaradılmalıdır”.