“Ancaq körpü ilə Bakıda tixac problemini həll etmək mümkün olmayacaq”.
Kommersant.az xəbər verir ki, Milli Məclisin deputatı Rüfət Quliyev Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınması ilə bağlı səsləndirilən fikirləri şərh edərkən deyib.
Deputat qeyd edib ki, bununla bağlı Bakıda bir neçə problem var:
“Məsələn, bizdə 10 ildən çoxdur ki, intellektual şəhəri idarəetmə ilə bağlı planlar var, lakin təəssüflər olsun ki, bu planın çox az bir hissəsi həyata keçirilib. Dünyanın böyük şəhərləri şəhər nəqliyyatlarını intellektual idarəetmə ilə həyata keçirir.
Burada birinci problem budur. İkinci problem isə urbanizasiyadır. Bakının ümumi tutumu 2.5-3 milyon insan üçün nəzərdə tutulub. Lakin faktiki olaraq Bakıda 4.5 milyon insan yaşayır. Bu da urbanizasiya problemidir. Bu dünyanın hər yerində var, bir çox dövlətlər bununla mübarizə aparır, insanları regionlara köçməyə təşviq edir”.
Rüfət Quliyev bildirib ki, körpülər tıxac problemini qismən həll etməyə kömək edir:
“Ona görə də tıxacların həllini tək körpülər tikməklə həll etmək olmaz. Hətta Xəzərin bir tərəfindən o biri tərəfinə körpü də tiksəniz, bu həll yolu olmayacaq. Ona görə də bu problemi intellektual idarəetmə ilə həll etmək lazımdır”.