USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlıq imkanları araşdırılıb

12.07.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK-Azərbaycan”) nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Kommersant"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasətinin ölkədə şəffaf biznes və investisiya mühitinin formalaşmasına və özəl sektorun genişlənməsinə, xarici şirkətlərin ölkəmizdə fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan verdiyini, qeyri-neft sektorunun dinamik artımı şəraitində milli iqtisadiyyatın dayanıqlı inkişafına nail olunduğunu vurğulayıb. Nazir həmin proseslərin ölkədə yeni iş yerlərinin açılmasını, əmək resurslarının məşğulluq imkanlarının artmasını və əmək bazarının inkişafını da stimullaşdırdığını qeyd edib.

Görüşdə əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının icrası və genişləndirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması sahələrində görülən işlər, aparılan islahatlar barədə məlumat verilib. Həmin sahələrlə bağlı səmərəli fəaliyyət mexanizmlərinin qurulmasında biznes strukturları ilə birgə işlərin əhəmiyyətindən bəhs edən nazir bildirib ki, 120-dən artıq üzv şirkətin əhatə olunduğu "AHK-Azərbaycan" ilə əmək və məşğulluq sahəsində əməkdaşlığa da xüsusi əhəmiyyət verilir. Xüsusilə işçilərin sosial sığorta, həmçinin işsizlik sığortası sistemində iştirak səviyyəsinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, korporativ sosial məsuliyyət prinsipi çərçivəsində aktiv əmək bazarı proqramlarının hazırlanması və icrası sahələrində Palata ilə fəal əməkdaşlığın qurulmasının faydalı olduğu vurğulanıb.

"AHK-Azərbaycan"ın bu sahədə işlərə öz dəyərli töhfəsini verə biləcəyini deyən nazir diqqətə çatdırıb ki, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması üçün aparılan islahatlar çərçivəsində yaradılması nəzərdə tutulan məşğulluq portalında ölkəmizdəki alman şirkətləri tərəfindən də vakansiyaların yerləşdirilməsi, işçi qüvvəsinə olan tələblərin qeyd olunması görülən işlərə müsbət dəstək ola bilər. Eyni zamanda, Palata həssas qruplar üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsində, istehsalatla əlaqəli, yəni dual peşə təhsili və təlimi potensialının gücləndirilməsində iştirak edərək öz dəstəyini göstərə bilər.

"AHK-Azərbaycan"nın icraçı direktoru Tobias Bauman əmək və məşğulluq sahələrində aparılan islahatlarda hər zaman nazirliklə əməkdaşlığa hazır olduqlarını bildirib. O, Palatanın bütün mümkün əməkdaşlıq istiqamətlərində birgə işlərin yerinə yetirilməsini təmin edə biləcəyini qeyd edib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

  • Əvvəlki

    Azərbaycan prezidenti NATO Şimali Atlantika Şurasının görüşündə iştirak edib

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0