Mövsümi meyvə və tərəvəzlərin satışında regionlarla Bakı arasında qiymət fərqləri nəzərə çarpacaq qədərdi. Məsələn, regionda 3-4 manata satılan gilas Bakı bazarında hazırda 7, 8, 9 manata satılır. Nəqliyyat, daşınma xərclərini də nəzərə alsaq, bu kifayət qədər fərq deməkdir. Bəs bu qədər qiymət fərqinin səbəbi nədir?
Kommersant.az məsələni Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli ilə müzakirə edib.
Akif Nəsirli bildirib ki, bunun əsas səbəblərindən biri paytaxtın kənd təsərrüfatı məhsulları satılan bazarların müəyyən qruplar tərəfindən inhisara alınmasıdır:
“Fermerin öz məhsulunu birbaşa Bakı bazarına gətirib satmaq imkanı yoxdur. Fermer məhsulu Bakı bazarına gətirmək istəsə, həmin məhsullar əlində qalacaq, Rayonda satdığı ucuz qiymətdən də aşağı qiymətə satacaq. Buna görə də rayonlarla Bakı arasında qiymət fərqi böyükdür”.
İqtisadçı deyir ki, qiymət fərqi olmalıdır:
“Çünki regionlarda əkilən məhsul elə orda birbaşa bazara çıxarılır. Bakıya gətrimək isə müəyyən xərclər tələb edir. Amma bu qiymət fərqi aşırı dərəcədə olmamalıdır. Bazar iqtisadiyyatı şəraitində bu qiymət fərqləri tənzimlənməlidir. Məsələn, Beyləqanda soğan yetişdirilir və elə Beyləqan bazarına 30 qəpiyə satışa çıxarılırsa, Bakıda bu qiymət 50 qəpik olur.
Bu qiymət fərqi də çoxdur. Əslində bu qiymət fərqi 5-10 qəpik arası olur. Bu qiymət fərqinin az olması üçün fermerə şərait yaradılmalıdır ki, o məhsulu bazra özü çıxarsın”.
Akif Nəsirli qeyd edib ki, ona görə də təkcə mövsümü kənd təsərrüfatı məhsulları deyil, digər məhsulların satışında da fərq olur:
“Məsələn, ət məhsullarında, kər yağlarının qiymətində də bu fərqlər var. Məsələn Bakı bazarında kustor üsulla hazırlanmış kərə yağı 17-18 manata satılırsa, rayonlarda bu qiymət 15-14 manat arasıdır”.
Həmsöhbətimiz bildirir ki, bu bazarlar arasındakı qiymət fərqi hətta 2 dəfədən çoxdur:
“Bu da çox böyük fərq deməkdir. Halbuki rayonla Bakı arasındakı bu fərq 10-20 faiz arası olmalıdır. O haldakı bu bazarlar arasındakı əlaqə sərbəs olsun. Bazarlar arasındakı məhsul hərəkəti maneəsiz olsun.
Sizə sadə bir fərq deyim, 8-ci kilometr bazarı Bakı bazarları arasında ən ucuzu hesab olunur:
Buna görə də təəssürat yaranır ki, bu bazarda məhsulları fermerlər satır. Lakin müşahidə etsək görərik ki, məhsulu satanlar fermerlər deyil, alverçilərdir”.